Elon Musk hesab edir ki, ABŞ İkinci Dünya müharibəsindən sonra misilsiz hərbi üstünlüyə malik olsa da, bu gücdən yeni işğallar üçün deyil, dağıdılmış ölkələrin bərpası üçün istifadə edib. Onun fikrincə, Almaniya və Yaponiyanın yenidən qurulması dünya tarixində nadir görünən siyasi və mənəvi qərar idi. Musk vurğulayır ki, hər bir dövlətin tarixində səhvlər olsa da, əsas meyar onun gücünün zirvəsində olarkən necə davranmasıdır. O, ABŞ-ın məğlub etdiyi ölkələri gələcək müttəfiqlərə çevirməsini qlobal sabitliyə töhfə verən mühüm addım kimi qiymətləndirir. Muskın qənaətinə görə, Amerikanın ən böyük gücü atom bombasını yaratması deyil, onu əldə etdikdən sonra göstərdiyi özünüməhdudlaşdırma olub.
Musk hesab edir ki, ABŞ-ın qlobal güc mərkəzi kimi çıxış etməsi beynəlxalq sabitliyin qorunmasına xidmət edir. Bu yanaşmaya görə, dünya nizamının başqa böyük güclərin nəzarətinə keçməsi daha ciddi geosiyasi risklər yarada bilər. Muskın fikrincə, istisna olaraq Çin daha fərqli və nisbətən özünəməxsus bir model təqdim edir.
Politoloq Əli Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ-ın həqiqətən də dünya üçün faydalı lider olub-olmaması, yoxsa öz maraqlarını təmin edən imperiya siyasəti yürütməsi sualına birmənalı cavab vermək çətindir.
Politoloqun fikrincə, müəyyən tarixi dövrlərdə və konkret geosiyasi şəraitdə Birləşmiş Ştatlar müsbət rol oynayıb. Dünyanın iki qütbə bölündüyü dönəmlərdə Vaşinqton bir sıra ölkələri keçmiş SSRİ-nin təsirindən və beynəlxalq kommunizm ideologiyasının geniş yayılmasından qorumağa çalışıb, Moskvanın təcavüzkar siyasətinin qarşısını almaq üçün addımlar atıb.
Onun sözlərinə görə, Sovet İmperiyasının dağılmasından sonra ABŞ beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına, eləcə də demokratik dəyərlərin müdafiəsinə müəyyən töhfələr verib. Lakin paralel olaraq, hamılıqla qəbul edilmiş beynəlxalq prinsipləri və hüquq normalarını da kobud şəkildə pozub, işğal xarakterli müharibələr aparıb və kütləvi insan tələfatına səbəb olan əməliyyatlar həyata keçirib.
Politoloq qeyd edib ki, ABŞ uzun illər dünyada "jandarm" rolunu oynayıb, öz hegemonluğunu və maraqlarını təmin etmək üçün hərbi gücdən istifadə edib, iqtisadi sanksiyalara əl atıb.
“ABŞ üçün hər zaman ilk növbədə milli maraqlar ön planda olub. Bu gün də dəyişməyən siyasət məhz budur. Əvvəllər bu maraqların təmin olunması demokratiya, fundamental hüquq və azadlıqlar kimi anlayışlarla pərdələnirdisə, Donald Tramp dövründə buna ehtiyac qalmayıb. Ağ Ev rəhbəri iddialarını və istəklərini açıq şəkildə ortaya qoyur, BMT Nizamnaməsinə və digər beynəlxalq hüquqi aktlara lazımi önəm vermir. Vəziyyət elə bir həddə çatıb ki, güc amili özünə daha açıq şəkildə haqq qazandırır”, – deyə politoloq bildirib.
Əli Orucovun fikrincə, bugünkü reallıqlar prizmasından yanaşdıqda, ABŞ-ın beynəlxalq sülhə töhfəsindən daha çox zərər verdiyini iddia etmək mümkündür. Politoloq hesab edir ki, bunun səbəblərindən biri də ABŞ-ın BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri kimi mövcud qlobal qeyri-sabitliyin formalaşmasında müəyyən məsuliyyət daşımasıdır.
İradə Cəlil, Bizimyol.info






