Futbol üzrə milli komanda, nəhayət, qələbə qazana bildi. Əvvəlcə öz meydanında oyunun əsas vaxtı ərzində Syerra Leoneni məğlub edə bilməyən Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv sonra Maltaya uduzmuşdu. Amma San-Marinodan üstün olmaq alındı. Komanda Macarıstanda baş tutan qarşılaşmada 2:1 hesabı ilə qələbə qazanıb.
Bizimyol.info xəbər verir ki, oyun bizimkilər üçün asan başlamayıb. Hesabı 9-cu dəqiqədə rəqib açıb. Nikola Nanni baş zərbəsi ilə fərqlənib. Bizim komandanın qollarını 27-ci dəqiqədə Ramin Daşdəmirov, 49-cu dəqiqədə isə Renat Dadaşov vurub.
Matç haqqında nə demək olar? San-Marino çox yaxşı təsir bağışladı. Hətta rəqibin məğlubiyyətə çox da layiq olmadığını iddia etmək mümkündür. Bizim milli komandada isə ciddi problemlər hələ də qalır. Xüsusilə hücum xəttində “dişsizlik” nəzərə çarpır. Dünən qapıda Şahruddin Məhəmmədəliyev də inamsız görünürdü. Ümumiyyətlə, bu qapıçının etimadı doğrultmadığını milli komandanın məşqçi heyəti də qəbul etməlidir.
Qələbəyə sevinməyə dəyərmi? Qətiyyən! Nəzərə almaq lazımdır ki, San-Marino FİFA-nın reytinq cədvəlində axırıncı pillədə qərarlaşıb. Bu komandanı da məğlub edə bilməyəcəkdiksə, onda daha hansı uğura iddia etmək olar? Macarıstandakı iki qarşılaşma bizimkilərin yerində saydığını bir daha göstərdi. Dünyanın ən zəif milli komandaları da inkişaf yolunu tutub. Daha hər hansı rəqibi asanlıqla məğlub etmək olmur. Bizimkilərdə isə yeni nəfəs hiss olunmur. Sanki meydana çıxan oyunçular milli komandanın formasını geyinməyin məsuliyyətini tam dərk etmir. Bu oyunla Millətlər Liqasındakı qarşılaşmalarda uğur gözləməyə dəyməz.
Qadın futbolçular yenə kişi həmkarlarına yaxşı nümunə oldu. Siyasət Əsgərovun komandası dünən Şimali Makedoniyada meydan sahiblərini məğlub etdi (3:1). Bizim qızlar ilk dəqiqələrdən təşəbbüsü ələ almışdı. Onların qələbə qazanacağına zərrəcə şübhə etmək olmurdu. Hətta komandanın böyük hesabla qələbə qazanmaq şansı vardı. Ziyafət Əsgərovun rəhbərlik etdiyi kollektiv seçmə mərhələdə keçirdiyi 6 oyundan 4-də qələbə qazandı. İnamla demək olar ki, baş məşqçu bu futbolçularla hələ çox şey edə bilər.
Aytən, Bizimyol.info






