Böyük Britaniya, Fransa və Almaniya hesab edir ki, Ukrayna müharibədə təşəbbüsü ələ alıb və bu, Donald Trampla Vladimir Putinin ötən il Alyaskada əldə etdiyi razılaşmalardan daha əlverişli şərtlərlə danışıqlar aparmaq üçün imkan yarada bilər.
Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" anonim mənbələrə istinadən yazır.
Məlumata görə, həmin ölkələr Rusiyanı cəbhə xətti boyunca müharibəni dayandırmağa, eləcə də Ukraynaya çoxtərəfli qüvvələrin yerləşdirilməsi daxil olmaqla etibarlı təhlükəsizlik təminatları verməyə məcbur etmək istəyirlər. Nəşr xatırladır ki, Putin daha əvvəl cəbhə xətti üzrə atəşkəs ideyasını rədd etmişdi və Avropadakı bir sıra rəsmilərin fikrincə, Kremlin mövqeyinin yaxın vaxtlarda dəyişməsi ehtimalı azdır.
Bununla belə, Ukraynanın təşəbbüsü ələ alması, Rusiyanın həm cəbhədə, həm də iqtisadi sahədə itkilərinin artması fonunda “E3” ölkələri bunu Avropanın danışıqlar prosesində daha mühüm rol qazanması üçün fürsət kimi qiymətləndirir. Onlar, xüsusilə, Trampın öz təkliflərini dəstəkləməsini istəyirlər ki, Rusiyaya təzyiq artsın və Moskva danışıqlar masasına oturmağa məcbur olsun.
Bildirilir ki, bu ölkələr artıq gələn ay Avropa, ABŞ, Rusiya və Ukraynanın iştirakı ilə belə danışıqlar keçirməyi planlaşdırırlar. Bunun üçün Böyük Britaniya və Avropa İttifaqı yaxın həftələrdə tətbiq olunması nəzərdə tutulan yeni sanksiyalar paketi üzərində işləyir.
Xatırladaq ki, Putin ötən həftə Avropa liderlərinin vasitəçilik rolunu tənqid edərək onların Ukraynanın tərəfində çıxış etdiyini bildirib. O, həmçinin Vladimir Zelenski ilə şəxsi görüş ideyasını da rədd edib. Putin diqqəti ötən il Trampla şəxsi görüşü zamanı əldə etdikləri razılaşmalara yönəltməkdə davam edir.
Bundan əvvəl Avropanın Rusiya ilə danışıqlarda mümkün nümayəndəsi kimi nəzərdən keçirdiyi Finlandiya Prezidenti Alexander Stubb bu rola hazır olmadığını açıqlayıb. Bununla yanaşı, o bildirib ki, Ukraynanın güclü mövqedə olduğu indiki mərhələ belə danışıqlar üçün münasib zamandır.
Ukraynanın keçmiş xarici işlər naziri Dmytro Kuleba isə qeyd edib ki, Putin Avropa ilə danışıqlar aparmaq istəmir, çünki o, Avropanın vahid mövqeyinə tam əmin deyil. Kulebanın sözlərinə görə, Putin Avropaya Ukraynadan bir qədər az nifrətlə yanaşır.
Qadir, Bizimyol.info






