Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağı məkan artıq təkcə texniki və diplomatik məsələ deyil, həm də açıq şəkildə geosiyasi rəqabətin bir hissəsinə çevrilib.
Vaşinqton və Moskva bu prosesdə öz rolunu ön plana çıxarmağa çalışır və hər biri yekun razılaşmanın məhz öz platformasında rəsmiləşməsini strateji üstünlük kimi görür. Bu rəqabət bir tərəfdən prosesi sürətləndirə bilsə də, digər tərəfdən əlavə həssaslıq və gərginlik yaradaraq onu daha da mürəkkəbləşdirə bilər.
Politoloq Turab Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan-Ermənistan sülh prosesi ətrafında beynəlxalq rəqabət yeni deyil və uzun illərdir davam edir.
Onun sözlərinə görə, uzun müddət Rusiya bu münaqişə üzərində monopoliyasını qorumağa çalışıb. Daha sonra Ermənistan prosesi Brüsselin nəzarətinə keçirmək istədi və nəticədə Brüssel formatı müəyyən ağırlıq qazandı. Almaniya, Fransa və Avropa İttifaqı prosesdə daha fəal rol oynamağa başladı, hətta tərəflər arasında ortaq məxrəc tapmaq məqsədilə Kişinyov və Qranada sammitləri təşkil edildi.
Turab Rzayev bildirir ki, sonrakı mərhələdə proses Rusiyanın nəzarətindən qismən çıxdı və Vaşinqton daha aktiv şəkildə təşəbbüsü ələ almağa başladı. Nəticədə, ABŞ Prezidenti Donald Trump dövründə, ən azından Vaşinqtonun vasitəçiliyi ilə ilkin razılaşma və ya niyyət protokoluna bənzər sənədin imzalanmasına nail olunub.
Politoloqun fikrincə, bu prosesdən siyasi dividend qazanmaq istəyən ölkələrin və qüvvələrin sayı kifayət qədər çoxdur. O qeyd edir ki, Çin də müəyyən aktivlik nümayiş etdirib, Qazaxıstan və digər dövlətlər sülh təşəbbüslərinə ev sahibliyi etmək niyyətlərini ortaya qoyublar. Macarıstan da prosesdə fəal rol oynamağa çalışan ölkələrdən biri olub.
Turab Rzayevin sözlərinə görə, zaman-zaman Türkiyənin də vasitəçi kimi iştirakı ilə bağlı təkliflər səslənsə də, bu variant tam şəkildə reallaşmayıb. Nəticədə proses daha çox ABŞ və Rusiya arasında nüfuz uğrunda rəqabətə çevrilib.
Turab Rzayev hesab edir ki, hazırkı mərhələdə Vaşinqton müəyyən üstünlük əldə edib. Çünki tərəflər arasında razılaşmaya yaxın sənədlər və kommunikasiyaların açılması ilə, Tramp yolunun açılması ilə bağlı müzakirələr məhz Vaşinqtonun iştirakı ilə aparılıb. Bununla belə, o vurğulayır ki, bu vəziyyət Moskvanın proses üzərindəki təsir imkanlarının tamamilə aradan qalxması anlamına gəlmir.
“Moskva hazırda prosesi kənardan izləyir və uyğun məqam gözləyir. Daha doğrusu, Tramp layihəsinin uğursuz olmasını, ABŞ-ın diqqətinin başqa istiqamətlərə yönəlməsini və sülh prosesinin zəifləməsini gözləyir. Eyni zamanda Ermənistandakı seçkilərin nəticələri də Rusiya üçün mühüm əhəmiyyət daşıyırdı. Ermənistanda seçkilərdə Paşinyan məğlub olub, revanşistlər qalib gəlsəydi Rusiya bir başa proseslərə nəzarət edəcəkdi. İndiki məqamda isə Rusiya üçün ən gözəl addım gözləməkvə uyğun məqamda ortaya atılmaqdır”, – deyə politoloq bildirib.
Turab Rzayev vurğulayır ki, faktiki olaraq sülh prosesinə hansı güc mərkəzi nəzarət edərsə, onun Cənubi Qafqazdakı geosiyasi mövqeləri də güclənəcək. Buna görə də həm Vaşinqton, həm də Moskva bu istiqamətdə öz təsir imkanlarını qorumağa çalışır.
Politoloq istisna etmir ki, müəyyən mərhələdə tərəflər arasında ortaq yanaşma da formalaşa bilər: “Bununla yanaşı, Moskvanın ABŞ-da siyasi dəyişiklikləri, Trampın hakimiyyətdən getməsini gözləyərək gələcəkdə yaranacaq mümkün boşluqlardan istifadə etməyə çalışacağı ehtimalı da mümkündür. Ola bilsin ki, Tramp hakimiyyətədn getdikdən sonra ABŞ –ın proseslərdə zəiflədiyindən istifadə edərək Rusiya yenidən Cənubi Qafqazda əvvəlki təsir imkanlarını bərpa etməyə cəhd göstərə bilər”.
İradə Cəlil, Bizimyol.info






