Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tural İsmayılov: Gürcüstan balanslı xarici siyasət yürütməlidir
Tural İsmayılov: Gürcüstan balanslı xarici siyasət yürütməlidir

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, Avropa İttifaqı vizasız səyahət rejiminin davamı üçün Tiflisdən bir sıra tələblərə əməl etməsini istəyir. Onun sözlərinə görə, bu tələblərə Rusiyaya qarşı sanksiyalara qoşulmaq və Aİ-nin viza siyasətinə uyğunlaşmaq da daxildir. Papuaşvili bu şərtlərin Gürcüstan üçün ciddi iqtisadi və siyasi risklər yarada biləcəyini iddia edib. O, Brüsselin yanaşmasını ölkəsi üçün “özünü məhv etməyə bərabər” addım kimi qiymətləndirib.

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Gürcüstanın qarşısında duran əsas məsələ Avropa İttifaqı ilə inteqrasiyanı balanslı xarici siyasət konsepsiyası ilə uzlaşdırmaqdan ibarətdir. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər üçün seçim yalnız “ya Qərb, ya da digər tərəf” dilemmasından ibarət deyil. Gürcüstan Avropa məkanına inteqrasiyanı strateji hədəf kimi müəyyənləşdirsə də, öz iqtisadi maraqlarını, regional reallıqları və milli təhlükəsizlik prioritetlərini də nəzərə almağa məcburdur.

“Aİ ilə yaxınlaşma Tbilisiyə siyasi institutların inkişafı, iqtisadi modernləşmə və beynəlxalq legitimlik baxımından mühüm üstünlüklər qazandıra bilər. Lakin bu prosesin ölkənin daxili sabitliyinə və iqtisadi maraqlarına zərbə vuracaq şəkildə aparılması da məqsədəuyğun deyil. Xüsusilə regionda mürəkkəb geosiyasi rəqabətin mövcud olduğu bir şəraitdə Gürcüstanın bütün istiqamətlərdə manevr imkanlarını qoruması vacibdir”, – deyən politoloq bildirib ki, bu baxımdan rəsmi Tbilisinin optimal strategiyası Avropa İttifaqı ilə əməkdaşlığı dərinləşdirmək, eyni zamanda milli maraqları əsas götürən praqmatik və çoxşaxəli xarici siyasət yürütməkdən ibarət olmalıdır. Dövlətlərin uğuru böyük güclər arasında seçim etməkdə deyil, milli maraqları qoruyaraq müxtəlif tərəfdaşlarla münasibətləri tarazlaşdırmaq bacarığında ölçülür.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »