Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa, İran və Çin sülh prosesini niyə diqqətlə izləyir?
Avropa, İran və Çin sülh prosesini niyə diqqətlə izləyir?

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması təkcə iki ölkə üçün deyil, həm də regionda maraqları olan bir sıra beynəlxalq aktorlar üçün strateji əhəmiyyət daşıyır. Rusiya və ABŞ-la yanaşı, ilk növbədə Avropa ölkələri, Türkiyə, İran və Çin prosesin nəticələrini diqqətlə izləyən tərəflər sırasındadır”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Elman Telmanoğlu danışıb.

O deyib ki, Türkiyə regionda sabitliyin təmin olunmasını və kommunikasiyaların açılmasını dəstəkləyir. Ankara hesab edir ki, Azərbaycan–Ermənis münasibətlərinin normallaşması Cənubi Qafqazda yeni iqtisadi əməkdaşlıq imkanları yarada və regionun nəqliyyat-logistika əhəmiyyətini artıra bilər.

“Avropa İttifaqının aparıcı ölkələri, xüsusilə Almaniya və Fransa, enerji təhlükəsizliyi və regional sabitlik baxımından sülh sazişində maraqlıdırlar. Avropa üçün Cənubi Qafqaz Xəzər regionundan enerji və yük daşımalarının həyata keçirildiyi mühüm marşrutlardan biridir. Münaqişə risklərinin azalması bu marşrutların təhlükəsizliyini artırır”, – deyən politoloq vurğulayıb ki, İran da regionda yeni geosiyasi reallıqların formalaşmasını diqqətlə izləyir. Tehran sərhədlərin dəyişməz qalmasını və bölgədə xarici hərbi-siyasi təsirlərin artmamasını prioritet hesab edir. Bu baxımdan uzunmüddətli sülh İranın təhlükəsizlik maraqları ilə də əlaqələndirilir.

Politoloqun fikrincə, Çin isə daha çox iqtisadi aspektdən maraqlıdır. Pekin üçün Cənubi Qafqaz Şərq–Qərb ticarət marşrutlarının mühüm hissəsidir. Regionda sabitlik nəqliyyat dəhlizlərinin inkişafına və beynəlxalq ticarətin genişlənməsinə əlavə imkanlar yarada bilər.

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması regional təhlükəsizlik risklərini azaltmaqla yanaşı, enerji, nəqliyyat və ticarət layihələrinin inkişafı üçün daha əlverişli mühit formalaşdırır. Məhz buna görə müxtəlif güc mərkəzləri prosesdə fərqli motivlərlə maraqlı olsalar da, onların əksəriyyəti sülh sazişinin əldə olunmasını strateji baxımdan müsbət nəticə kimi qiymətləndirir”, – deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »