Alman jurnalist, publisist və sənədli film müəllifi Hubert Zaypel hesab edir ki, Qərb ölkələri Rusiya ilə bağlı çıxışlarında Birinci Dünya müharibəsi dövrünün ritorikasına müraciət edir.
Bizimyol.info xəbər verir ki, o, bu barədə Rusiya mətbuatına müsahibəsində bildirib.
“Ukrayna münaqişəsi hazırda Avropanın gündəmini müəyyən edən əsas mövzulardan birinə çevrilib. Qərbdə belə bir təsəvvür formalaşdırılır ki, bu müharibə rusların dəyişmədiyini göstərdi — onlar hələ də imperialist, işğalçı olaraq qalırlar və buna görə də onlara qarşı mübarizə aparmaq lazımdır. Bu yanaşma, hətta istifadə olunan ifadələr baxımından da müəyyən qədər Birinci Dünya müharibəsi dövrünə bənzəyir”, — deyə Zaypel vurğulayıb.
Jurnalist “Doxsan üçlərin manifesti”nə də diqqət çəkib. Onun sözlərinə görə, həmin sənədi imzalayanlar arasında ədəbiyyat mükafatı laureatları və Nobel mükafatı sahibləri də olub.
“Orada da rus əsgərlərinin qadın və uşaqların qanına bulaşmış torpaqlardan bəhs edilirdi. Bu gün Ukrayna münaqişəsi haqqında danışarkən də bənzər ifadələri eşitmək mümkündür. Başqa sözlə, eyni yanaşmalar yenidən ön plana çıxarılır”, — deyə o bildirib.
Zaypel qeyd edib ki, Ukraynadakı hərbi qarşıdurma hazırda digər mövzuları kölgədə qoyur.
“Bu məsələ Avropanın gündəmini müəyyən edir, Rusiyanın gündəminə təsir edir və müəyyən mənada Amerikaya da təsirsiz ötüşmür. Hazırda hər şeyin mərkəzində bu dayanır. Bunun necə başa çatacağı isə hələ tam aydın deyil, amma mütləq hansısa həll yolu tapılmalıdır”, — deyə alman publisist əlavə edib.
Bizimyol.info






