Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mənzil alanların nəzərinə: Ali Məhkəmədən mühüm qərar
Mənzil alanların nəzərinə: Ali Məhkəmədən mühüm qərar

Vətəndaşın daşınmaz əmlakı üzərində mülkiyyət hüququnun qorunması hüquqi dövlətin əsas prinsiplərindən biridir. Bununla yanaşı, mülki dövriyyənin sabitliyi də eyni dərəcədə vacib hüquqi dəyərdir. Məhz bu iki dəyərin, yəni əsl mülkiyyətçinin hüququ ilə əşyanı əldə etmiş üçüncü şəxsin maraqlarının toqquşduğu hallarda hüquqi mübahisələr yaranır. Bu zaman həll edilməli əsas məsələ əşyanın əsl mülkiyyətçiyə qaytarılması, yoxsa onu sonradan əldə etmiş üçüncü şəxsin hüquqlarının qorunmasından ibarətdir.

Bizimyol.info xəbər verir ki, Ali Məhkəmə daşınmaz əmlaka dair hüquqların əldə edilməsində üçüncü şəxslərin vicdanlılığı ilə bağlı mühüm qərardad qəbul edib. Bu qərar vahid məhkəmə təcrübəsini müəyyən edir.

Son illər məhkəmə təcrübəsində tez-tez rast gəlinən hallardan biri daşınmaz əmlakın saxta sənədlər, etibarnamələrlə, digər qanunsuz yollarla əsl mülkiyyətçinin əlindən çıxaraq, sonradan bir və ya bir neçə şəxsə satılması ilə bağlıdır. Bir müddət sonra həqiqi mülkiyyətçi hüququnun pozulduğunu aşkar edərək mənzilin geri qaytarılmasını tələb edir. Bu zaman məhkəmə qarşısında iki mənafe dayanır:

  • Əmlakından iradəsi xaricində məhrum olmuş əsl mülkiyyətçinin mənafeyi;
  • Əmlakı əldə edərkən dövlət reyestrinin məlumatlarına etimad etmiş vicdanlı alıcının mənafeyi.

Hər iki tərəf müəyyən mənada hüquqi müdafiəyə layiq görünür. Belə ki, mülkiyyətçi heç bir günahı olmadan əmlakını itirib, üçüncü şəxs isə əmlakı ona özgəninkiləşdirən şəxsin dövlət reyestrində mülkiyyətçi kimi qeydiyyatda olduğunu görüb, notarial qaydada müqavilə bağlayıb və dəyərini ödəyərək alıb. Belə vəziyyətdə hansı tərəfin hüququnun üstün tutulacağı hüququn ən mürəkkəb məsələlərindən biridir.

Vicdanlı əldəetmə nədir?

Ali Məhkəmənin qərardadında vurğulanır ki, əmlak hüquqlarının əldə edilməsi baxımından vicdanlılıq dedikdə, vəziyyətin tələb etdiyi bütün diqqətin göstərildiyi halda, hüququn qazanılmasına dair hansısa maneənin varlığının obyektiv olaraq fərqində olmamaq başa düşülür.

Sadə dillə desək, üçüncü şəxs daşınmaz əmlakı əldə edərkən bütün zəruri diqqəti göstərib, buna baxmayaraq, satıcının əslində, əmlaka sərəncam vermək səlahiyyətinin olmadığını bilməyibsə, o, vicdanlı alıcı hesab edilə bilər.

Niyə dövlət reyestrinə etimad vacibdir?

Mülki dövriyyənin sabitliyi, başqa sözlə daşınmaz əmlak bazarının işləməsi üçün şəxslər dövlət reyestrindəki məlumatlara etibar edə bilməlidir. Əgər alıcılar reyestrdə göstərilən məlumatların düzgünlüyünə güvənə bilməsəydi, hər bir alqı-satqı əməliyyatı ciddi hüquqi risk daşıyardı. Bu isə daşınmaz əmlak bazarında qeyri-müəyyənlik yaradar, investisiyaları azaldar və mülki dövriyyəni çətinləşdirərdi.

Məhz buna görə qanunvericilik bir qayda olaraq reyestrdəki qeydə etibar edən şəxslərin hüquqlarını qoruyur. Lakin bu qoruma mütləq xarakter daşımır, qanunla nəzərədə tutulmuş hallarda vicdanlılığın qorunması istisna olunur.

Hər zaman üçüncü şəxs qorunurmu?

Qərardadın əsas mesajlarından biri də budur ki, qanun formal olaraq vicdanlı əldə edən görüntüsü yaradan şəxsi deyil, həqiqətən vicdanlı olan şəxsi qoruyur. Başqa sözlə, vicdanlı əldəetmə institutu hüquqazidd hərəkətləri qanuniləşdirmək vasitəsi deyil. Bu institut yalnız dürüst şəkildə mülki dövriyyədə iştirak edən şəxslərin müdafiəsinə xidmət edir.

Bəs mülkiyyətçi ilə üçüncü şəxsdən hansının hüququ üstün tutulmalıdır?

Ali Məhkəmə göstərir ki, bunun müəyyənləşdirilməsi üçün hər bir iş üzrə məhkəmələr tərəfindən qərardadda göstərilən mərhələlər üzrə araşdırma aparmalıdır. Yalnız bu suallar cavablandırıldıqdan sonra mübahisənin hansı tərəfin xeyrinə həll edilməli olduğu müəyyən edilə bilər.

Qərardadın əsas məqsədi əsl mülkiyyətçi ilə əmlakı sonradan əldə edən üçüncü şəxs arasında seçim etmək olmayıb. Məhkəmələrin eyni kateqoriyadan olan işlərə fərqli yanaşmasının qarşısını almaq və hüquqi müəyyənliyi təmin etməkdən ibarətdir. Qərardad daşınmaz əmlak mübahisələrinin həllində yeni və daha aydın hüquqi çərçivə formalaşdırır.

Bu sənəd ilk dəfə olaraq vicdanlı əldəetmə institutunun tətbiqinin sərhədlərini, vicdanlılığın müəyyən edilmə meyarlarını, sübutetmə qaydalarını, vicdanlılığı istisna edən halları və daşınmaz əşyalara dair hüquqların əldə edilməsində qeydiyyat orqanının və notariat sisteminin rolunu və məsuliyyətini sistemli şəkildə izah edir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »