Böyük Britaniya Avropa İttifaqı ölkələri ilə birlikdə Ukraynaya ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sisteminə alternativ Avropa versiyasının yaradılmasında kömək edəcək. Məqsəd Kiyevin ABŞ-dan silah tədarükündən asılılığını azaltmaqdır.
Bizimyol.info xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Bildirilir ki, Rusiya Ukraynanın “Patriot” sistemləri üçün lazım olan ələkeçirici raketlərin çatışmazlığından istifadə edərək şəhərlərə raket və dron hücumlarını artırır.
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampdan “Patriot” kompleksləri üçün “Pac-3” raketlərinin tədarükünün artırılmasını xahiş edib. Bu sistemlər üzrə çatışmazlıq müharibənin əvvəlindən mövcuddur.
Hava hücumundan müdafiə vasitələrinin qıtlığı fonunda Kiyev Avropa alternativinin yaradılması təşəbbüsünü irəli sürüb. Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə aparılan danışıqlardan sonra Zelenski Fransa, Almaniya və Britaniyanın bu layihəyə dəstək verməyə hazır olduğunu bildirib.
Ukrayna lideri bu əməkdaşlıq çərçivəsində Avropanın “Patriot”a bənzər, ballistik raketlərə qarşı müdafiə qabiliyyətinə malik yeni sistemin hazırlanacağına ümid etdiyini deyib. Onun fikrincə, belə bir sistem Böyük Britaniyanın özü üçün də faydalı ola bilər.
Zelenski ayrıca bu təşəbbüsü NATO-nun Baş katibi Mark Rutte ilə də müzakirə edib və alyansın yeni hava hücumundan müdafiə sisteminin koordinasiyasında rol oynamasını təklif edib.
Qadir, Bizimyol.info






