Kaja Kallas bildirib ki, Avropa İttifaqının İsrailə qarşı sanksiyaları sərtləşdirməməsinin əsas səbəbi üzv ölkələr arasında vahid mövqenin olmamasıdır.
Bizimyol.info xəbər verir ki, o, İrlandiyanın “RTE” televiziyasına müsahibəsində deyib ki, bu məsələdə konsensus əldə etmək olduqca çətindir.
“Bizdə birlik yoxdur. Mən tez-tez belə sual eşidirəm: “Niyə Rusiya və Ukrayna məsələsində vahid mövqe var, amma İsrail məsələsində buna nail ola bilmirik?” Tarixi səbəblərə görə ölkələrin vəziyyətə fərqli baxışları var və ortaq mövqeyə gəlmək çox çətindir”, – deyə Kallas bildirib.
Müsahibədə İrlandiya, İspaniya və Sloveniya İsrailə qarşı sanksiyaların sərtləşdirilməsini dəstəkləyən ölkələr kimi nümunə göstərilib. Kallas isə təkcə bu üç ölkənin deyil, daha çox dövlətin əlavə tədbirlər tərəfdarı olduğunu qeyd edib.
Onun sözlərinə görə, Avropa Komissiyası yaxın zamanda İsrailə qarşı yeni tədbirlər paketi təklif edə bilər, lakin bu təşəbbüslərin qəbul olunması ehtimalı aşağıdır.
Jurnalistin “bu vəziyyət Aİ-ni zəiflədirmi?” sualına cavab verən Kallas bildirib ki, bu hal “məyusluq yaradır”.
Bundan əvvəl Belçikanın baş naziri Bart De Vever qeyd etmişdi ki, Aİ-nin İsrailə qarşı sanksiyalar tətbiq etməsi demək olar ki, mümkün deyil. Məlumata görə, Belçika Aİ Şurasında bu məsələnin müzakirələrində daha passiv mövqe tutur və bəzi media qiymətləndirmələrinə əsasən, İsrailə qarşı sanksiyaların tətbiqinə əngəl yaradan ölkələrdən biri hesab olunur.
Qadir, Bizimyol.info






