Son günlər sosial şəbəkələrdə bir görüntü dolaşır: deputatlardan biri qarşısındakı mətni sanki ilk dəfə görür. “G” hərfi “c” olur, “k” hərfi “ç”yə çevrilir, cümlələr isə sanki öz yolunu azıb başqa mənaya düşür. Nəticədə təkcə mətn yox, mətnlə birlikdə mövzu da “oxunmaz” vəziyyətə gəlir.
Təbii ki, sosial şəbəkə sakit qalmazdı. Kimisi ironiya etdi, kimisi sərt tənqid yazdı, kimisi isə ümumiləşdirib “deputat olmaq üçün təhsil vacib deyil” kimi acı bir nəticəyə gəldi.
Deputatın özü isə deyilənlərə çox da baş qoşmadığını bildirdi. Bəlkə də ən səmimi hissə elə bu oldu — “vecinə deyil” cümləsi, bəzən uzun çıxışlardan daha aydın danışır.
Amma məsələ təkcə bir çıxışın “səhv oxunması” deyil. Məsələ daha dərin və illərdir səssiz-səssiz yığılan suallardır. Milli Məclisdə jurnalistlərdən yayınan, ictimai debatlarda görünməyən, seçicisini tanımayan bir qrup deputat obrazı artıq yeni deyil. Görünür, bəzi mandatlar danışmaq üçün yox, susmaq üçün daha rahatdır.
Seçici ilə görüşlər də ayrıca bir teatr səhnəsinə bənzəyir: fotolar var, paylaşımlar var, amma içində real seçici varmı, bu artıq başqa sualdır. Bəzən elə təəssürat yaranır ki, görüşlər seçici üçün yox, “görüntü” üçündür. Tanışlar, yaxın çevrə, bir neçə şəkil və tamam “demokratiyanın” kiçik fotosessiyası.
Əslində isə deputatlıq təkcə mandat daşımaq deyil. O, seçicinin səsini parlamentə daşımaqdır. Şikayəti, problemi, narazılığı sənədlərə çevirib müzakirəyə çıxarmaqdır. Bəs mətni güclə oxuyan deputat bu yükü necə daşıyacaq? Sual buradadır.
Maaşların, imtiyazların, statusun olduğu yerdə ən azı bir tələb gözlənilir: öz fikrini sərbəst, aydın və inandırıcı ifadə edə bilmək. Əgər bu yoxdursa, insan istər-istəməz düşünür — bəs o yerin funksiyası nədir?
Ən maraqlısı isə odur ki, bu cür hallarda məsuliyyət çox vaxt sistemə deyil, “normaldır” deyib keçilir. Sanki cəmiyyət də artıq buna alışdırılıb: biri oxuya bilmir, biri danışa bilmir, amma hamı vəzifə başındadır.
Belə bir mənzərədə seçici sadəcə bir sualla qalır:
Etimad etdiyimiz adamlar həqiqətən bizi təmsil edirmi, yoxsa sadəcə öz mənfəətlərini düşünmək üçün oradadırlar?
Cavab isə oxunulmasına çalışılan mətndən daha çətindir.
İradə Cəlil, Bizimyol.info






