Hazırda kiberzorakılıq, şəxsi məlumatların qanunsuz yayılması, psixoloji manipulyasiya, zərərli və yaşa uyğun olmayan məzmunun yayılması, müxtəlif təhlükəli çağırışlar və rəqəmsal asılılıq artıq qlobal problemə çevrilib.
Məhz bu səbəbdən dünyanın bir çox ölkələrində sosial şəbəkələrin fəaliyyəti ilə bağlı yeni hüquqi tənzimləmə mexanizmləri formalaşdırılır. Azərbaycanda sosial şəbəkə platformaları üçün yeni məsuliyyət və cərimələrin nəzərdə tutulması da bu qlobal tendensiyanın tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məcliisn deputatı Elçin Mirzəbəyli danışıb.
O bildirib ki, müzakirəyə çıxarılan dəyişikliklərə əsasən, platformalar istifadəçilərin yaşının yoxlanılması, yetkinlik yaşına çatmayanların təhlükəsizliyinin təmin olunması və dövlət qurumlarının qanuni sorğularına operativ cavab verilməsi istiqamətində daha ciddi öhdəliklər daşıyacaqlar. Tələblərin pozulması hallarında isə hüquqi şəxslər üçün yüksək məbləğdə cərimələr tətbiq ediləcək.
“Əslində bu yanaşma yeni deyil.
Son illər inkişaf etmiş ölkələrdə uşaqların rəqəmsal təhlükəsizliyi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.
Avstraliya hökuməti sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin sərtləşdirilməsi istiqamətində mühüm addımlar atıb. Fransa valideyn razılığı olmadan azyaşlıların sosial şəbəkələrə çıxış imkanlarının məhdudlaşdırılması mexanizmlərini tətbiq etməyə başlayıb. Böyük Britaniyada qəbul olunan "Online Safety Act" platformaların istifadəçi təhlükəsizliyi ilə bağlı məsuliyyətini əhəmiyyətli dərəcədə artırıb. Avropa İttifaqının "Digital Services Act" çərçivəsində isə texnologiya şirkətləri xüsusilə uşaqların müdafiəsi ilə bağlı əlavə öhdəliklər daşıyırlar”-deyən deputat bildirib ki, artıq dövlətlər çox yaxşı anlayırlar ki, fiziki mühitdə uşaqların təhlükəsizliyinin qorunması necə vacibdirsə, rəqəmsal mühitdə də eyni məsuliyyət mövcuddur.
Deputat vurğulayıb ki, Azərbaycanda müzakirəyə çıxarılan qanun layihəsi müasir hüquqi yanaşmalar təhlükəsizlik və fundamental hüquqlar arasında optimal tarazlığın yaradılmasını hədəfləyir: “Burada məqsəd sosial şəbəkələrin fəaliyyətini məhdudlaşdırmaq deyil. Məqsəd platformaların cəmiyyət qarşısında, xüsusilə də uşaqlar və yeniyetmələr qarşısında məsuliyyətini artırmaqdır”.
Deputat bildirib ki, rəqəmsal texnologiyalar sürətlə inkişaf etdikcə hüquqi tənzimləmə mexanizmləri də bu dəyişikliklərə uyğunlaşmalıdır. Əks halda, sosial şəbəkələrdən qaynaqlanan risklər cəmiyyətin ən həssas təbəqəsi olan uşaqların və yeniyetmələrin təhlükəsizliyinə ciddi təhdid yaratmağa davam edəcək.
Bu baxımdan, Azərbaycanda müzakirə olunan yeni qanunvericilik təşəbbüsü qlobal təcrübəyə uyğun olaraq rəqəmsal təhlükəsizliyin gücləndirilməsi istiqamətində atılan addım kimi qiymətləndirilə bilər. Qanunun effektivliyi isə onun tətbiq mexanizmlərindən asılı olacaq.
İradə Cəlil, Bizimyol.info






