Fars körfəzi ölkələri İsrail ilə İran arasında davam edən qarşıdurmanın inkişafını ciddi narahatlıqla izləyirlər. Regionda əsas qorxulardan biri ABŞ-ın Yaxın Şərqdəki mövcudluğunu azaltması ehtimalıdır.
Bizimyol.info xəbər verir ki, belə bir vəziyyətdə bölgə dövlətləri Tehranın artan təsirinə qarşı təkbaşına mübarizə aparmaq məcburiyyətində qala bilərlər.
Fars körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurası daxilində də vahid mövqe yoxdur. Qətər və Oman ənənəvi olaraq İranla daha sıx əlaqələri qoruyur və tez-tez Tehranla Qərb arasında vasitəçi rolunda çıxış edirlər. Bəhreyn və Küveytdə isə İrana münasibət tam fərqlidir. Bu ölkələr uzun illərdir İran strukturlarını daxili işlərə müdaxilə etməkdə və sabitliyi pozmağa çalışmaqda ittiham edirlər.
Xüsusi mövqeyə malik olan Səudiyyə Ərəbistanı sabitliyin qorunmasında maraqlıdır və İranla birbaşa qarşıdurmaya can atmır. Bununla yanaşı, Ər-Riyad ehtiyat edir ki, gərginliyin daha da artacağı təqdirdə ölkənin neft obyektləri, enerji infrastrukturu və digər strateji aktivləri hədəfə çevrilə bilər.
Bir sıra ekspertlərin fikrincə, Tehran Fars körfəzi ölkələrini ABŞ-ın Yaxın Şərqdəki təsirinin ən həssas halqası kimi qiymətləndirir. Bu dövlətlərə təzyiq göstərilməsi Vaşinqtona təsir vasitəsinə və ABŞ-ı hadisələrə daha fəal müdaxiləyə sövq etmək üsuluna çevrilə bilər.
Son illərdə İran öz maraqlarını irəli aparmaq üçün regional müttəfiqlərdən istifadə etməyə hazır olduğunu dəfələrlə nümayiş etdirib. Yaxın Şərqdə tərəfdaş şəbəkəsinin və silahlı qruplaşmaların saxlanılması İran İslam Respublikasının strategiyasının əsas elementlərindən biri və ölkə rəhbərliyinin siyasətində mühüm istiqamət olaraq qalır.
Bizimyol.info






