Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ İranın Hörmüz boğazı ilə bağlı addımlarına görə ilk dəfə sanksiyalar tətbiq edib
Aİ İranın Hörmüz boğazı ilə bağlı addımlarına görə ilk dəfə sanksiyalar tətbiq edib

Avropa İttifaqı (Aİ) İranın Hörmüz boğazında gəmiçiliyin sərbəstliyinə təhdid yaradan fəaliyyətləri ilə əlaqədar ilk dəfə sanksiyalar tətbiq edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas Kiprdə keçirilən Aİ müdafiə nazirlərinin qeyri-rəsmi görüşündən sonra təşkil olunan mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Aİ ölkələri İranın Hörmüz boğazını bağlamağa yönəlmiş addımlarını qəbuledilməz hesab edir və buna cavab olaraq bir sıra iranlı fiziki şəxslərə və şirkətlərə qarşı məhdudlaşdırıcı tədbirlər təsdiqlənib.

“Nazirlər İranın Hörmüz boğazını bağlamaq cəhdlərinin qəbuledilməz olduğunu bəyan etdilər. Buna cavab olaraq Aİ ölkələri boğazın bağlanması ilə əlaqəli iranlı fiziki şəxslər və şirkətlərə qarşı sanksiyaları təsdiqlədi. Beləliklə, Avropa İttifaqı ilk dəfə gəmiçiliyin azadlığı ilə bağlı sanksiya mexanizmini tətbiq edir və bundan sonra da tətbiq etməyə davam edəcək”, — deyə Kallas bildirib.

Aİ rəsmisi həmçinin İran və İsrail arasında davam edən qarşılıqlı hücumlara da münasibət bildirib. O vurğulayıb ki, regionda genişmiqyaslı müharibənin yenidən başlaması çox ağır nəticələrə səbəb ola bilər.

“Klassik genişmiqyaslı müharibənin yenidən alovlanması region üçün çox ciddi nəticələr doğurar. Bütün tərəflər yenidən danışıqlar masasına qayıtmalıdır”, — deyə Kaja Kallas əlavə edib.

Qeyd edək ki, Hörmüz boğazı dünya neft ticarətinin əsas marşrutlarından biri hesab olunur. Bu strateji su yolunda yaranan hər hansı gərginlik qlobal enerji bazarlarına və beynəlxalq ticarətə ciddi təsir göstərə bilər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »