“Bakının Baş Planına uyğun olaraq paytaxtın müxtəlif ərazilərində söküntü və yenidənqurma işləri davam etdirilir. Bu proses bəzən parkların, yaşıllıq zonalarının, sosial obyektlərin və yol infrastrukturunun yaradılmasını, digər hallarda isə köhnə tikililərin yerində yeni yaşayış binalarının inşasını əhatə edir”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
O əlavə edib ki, sahəsi 30 kvadratmetrə qədər olan mənzillərin sahibləri üçün kompensasiyanın xüsusi əmsalla hesablanması təklif olunur, çünki mövcud kompensasiyalar bir çox hallarda yeni mənzil almağa yetmir.
Bu dəyişiklik həmin vətəndaşların mənzil problemini daha rahat həll etməsinə imkan verə bilər.
- Kiçik mənzillərin kompensasiyasının artırılması büdcəyə necə təsir edər, vətəndaşların yeni mənzil almasını təmin edə bilərmi?
Bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı Akif Nəsirli bu addımın sosial baxımdan əhəmiyyətli olduğunu bildirib:
“Sahəsi 30 kvadratmetrə qədər olan mənzillərin sahiblərinə kompensasiyanın xüsusi əmsalla hesablanması sosial baxımdan əhəmiyyətli addımdır. Hazırda söküntü zamanı ödənilən vəsait bir sıra hallarda kiçik mənzillərin sahiblərinə eyni ərazidə və ya şəhərin digər hissələrində yeni mənzil almaq imkanı vermir. Bu səbəbdən əlavə əmsalın tətbiqi həmin vətəndaşların mənzil təminatını yaxşılaşdıra bilər.
Bununla yanaşı, kompensasiyaların artırılması dövlət və ya layihəni həyata keçirən şirkətlər üçün xərclərin yüksəlməsi deməkdir. Nəticədə söküntü və yenidənqurma layihələrinin ümumi büdcəsində artım yarana bilər. Lakin kiçik mənzillərin sayı ümumi mənzil fondunun böyük hissəsini təşkil etmədiyindən, büdcəyə təsirin məhdud olacağı da istisna edilmir”.
Akif Nəsirli əlavə edib: “Mütəxəssislər hesab edirlər ki, kompensasiya məbləği bazar qiymətlərinə uyğun müəyyənləşdirilərsə, kiçik mənzil sahiblərinin yeni ev əldə etmək imkanları əhəmiyyətli dərəcədə genişlənə bilər. Bu isə həm sosial narazılığın azalmasına, həm də yenidənqurma proseslərinin daha rahat həyata keçirilməsinə şərait yaradar”.
Günel Həsənova, Bizimyol.info






