Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda seçki sonrası mənzərə: Qərbə inteqrasiya üçün yaşıl işıq
Ermənistanda seçki sonrası mənzərə: Qərbə inteqrasiya üçün yaşıl işıq

Ermənistandakı seçkilərdə Rusiyaya yaxın siyasi qüvvələrin zəif nəticə göstərməsi Ermənistanın geosiyasi istiqaməti ilə bağlı yeni müzakirələri gündəmə gətirir. Bu nəticələr Paşinyanın həm Azərbaycanla sülh gündəliyini, həm də Qərbə inteqrasiya siyasətini sürətləndirməsinə imkan verəcəkmi?

Politoloq Anar İsayev Bizimyol.info-ya açıqlamasında bildirib ki, ilkin nəticələr yekun nəticələrdə də təsdiqlənsəydi və “Vətəndaş Müqaviləsi” partiyası həqiqətən gözləniləndən daha çox mandat əldə etsəydi, bu, Paşinyana həm daxili, həm də xarici siyasətdə əlavə imkanlar qazandıra bilərdi. Bununla belə, o hesab edir ki, bu cür qələbə də bütün planların avtomatik və sürətli şəkildə həyata keçiriləcəyi anlamına gəlməzdi.

Politoloqun sözlərinə görə, seçkinin nəticələri Azərbaycanla sülh gündəliyi baxımından qiymətləndirildikdə, yüksək nəticə Paşinyana daxildəki tənqidlər qarşısında daha möhkəm siyasi dayaq verə bilər.

“Bu, sərhədlərin delimitasiyası, nəqliyyat-kommunikasiya məsələləri və sülh sazişi üzrə danışıqlarda daha çevik qərarlar qəbul etməsinə şərait yarada bilər. Bununla belə, sülh prosesinin sürəti yalnız İrəvandan asılı deyil. Proses Bakı ilə aparılan danışıqların gedişindən və regional geosiyasi amillərdən də birbaşa təsirlənir”, – deyə Anar İsayev bildirib.

Politoloqun fikrincə, Qərbə inteqrasiya baxımından Rusiyaya yaxın qüvvələrin zəif nəticə göstərməsi Paşinyanın son illərdə izlədiyi Avropa İttifaqı və ABŞ-la yaxınlaşma siyasətinə ictimai dəstəyin müəyyən göstəricisi kimi qiymətləndirilə bilər. Bu, Ermənistanın Avropa İttifaqı ilə əməkdaşlığının genişlənməsi, eləcə də müdafiə və iqtisadi sahələrdə Qərblə əlaqələrinin dərinləşməsi ehtimalını artırır.

Bununla yanaşı, politoloq qeyd edir ki, Ermənistanın iqtisadiyyat, enerji və təhlükəsizlik sahələrində Rusiyadan tam şəkildə ayrılması yaxın perspektivdə real görünmür.

Anar İsayev hesab edir ki, konstitusion dəyişikliklər məsələsində əsas amil parlamentdə əldə olunacaq mandatların sayıdır. Əgər hakimiyyət konstitusion çoxluğa sahib olarsa, uzun müddətdir müzakirə olunan idarəetmə və hüquqi islahatların həyata keçirilməsi daha asan ola bilər.

“Bunun regional təsirləri də mümkündür. Çünki Ermənistanın gələcək siyasi kursu daha aydın şəkildə formalaşa bilər”, – deyə politoloq vurğulayıb.

Ekspertin qənaətinə görə, Paşinyanın qələbəsi həm sülh prosesinin, həm də Qərbə inteqrasiya siyasətinin sürətlənməsi üçün siyasi imkanlar yarada bilər. Lakin bu proseslərin uğuru təkcə seçki nəticələrindən deyil, regiondakı təhlükəsizlik mühitindən, Azərbaycan-Ermənistan danışıqlarının gedişindən və böyük güclərin mövqeyindən də asılı olacaq.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »