Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin “müharibə dayanmayacaq” açıqlaması: danışıqlara baxmayaraq gərginlik artır
Putinin “müharibə dayanmayacaq” açıqlaması: danışıqlara baxmayaraq gərginlik artır

ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini və Ukraynaya əlavə hərbi yardım ayrılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Sənəd Rusiyanın maliyyə, enerji və sənaye sektorlarına qarşı yeni məhdudiyyətləri, eləcə də Rusiya mallarına tətbiq olunan gömrük rüsumlarının əhəmiyyətli dərəcədə artırılmasını ehtiva edir. Qanun layihəsində həmçinin Ukraynaya əlavə hərbi yardım, kreditlərin ayrılması və müdafiə proqramlarının müddətinin uzadılması nəzərdə tutulur.

  • ABŞ Konqresinin bu qərarı Rusiya-Ukrayna münaqişəsinin gedişinə və Vaşinqton-Moskva münasibətlərinə necə təsir göstərə bilər?

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ Konqresi Rusiyaya qarşı ciddi sanksiyaların qəbul olunması və eyni zamanda Ukraynaya əlavə yardımın ayrılması ilə bağlı qərar qəbul edib. ABŞ Dövlət katibi Marko Rubio da Ukraynaya ayrılan yardımlar barədə çıxış edərək bildirib ki, Rusiya artıq cəbhədə irəliləyə bilmir, Ukrayna isə öz ərazilərini mərhələli şəkildə azad edir. Buna görə də Ukraynaya dəstəyin davam etdirilməsi vacibdir.

“Donald Trampın hakimiyyətə gəlişindən sonra Rusiyanın mövqeləri müəyyən mənada güclənib. Onun Putinlə görüşləri və tez-tez telefon əlaqələri Rusiyanın siyasi çəkisinin artmasına təsir edib. Ancaq buna baxmayaraq, Rusiyaya münasibət həm Avropada, həm də ABŞ-da əsasən mənfi olaraq qalır, çünki Rusiya Ukraynaya qarşı müharibə aparan təcavüzkar dövlət kimi qiymətləndirilir.

Rusiya artıq beşinci ildir ki, Ukraynaya qarşı müharibə aparır və analitiklərin hesablamalarına görə, ölən və yaralananların böyük hissəsi Rusiyanın öz tərəfindəndir. Bu arada Volodimir Zelenski Putinə açıq məktub ünvanlayaraq onun uzun illərdir hakimiyyətdə olmasını xatırladıb və qeyd edib ki, əvvəlki dövrlərdəki münasibətdən fərqli olaraq, bu gün ona qarşı nifrət artıb.

Zelenski həmçinin bildirib ki, müharibə artıq Rusiya ərazisinə də təsir edir. Xüsusilə iyunun 3-də Ukrayna dronlarının Sankt-Peterburq yaxınlığında keçirilən beynəlxalq forum zamanı neft bazasını vurması və orada yanğın baş verməsi buna nümunə kimi göstərilir. O, bu hadisələri Rusiyaya təzyiqin artması kimi dəyərləndirib”-deyə Elşad Həsənov bildirib.

Politoloq qeyd edib ki, Ukrayna raketlərinin Rusiya ərazisində bəzi hərbi obyektləri vurduğu, ölkə daxilində isə iqtisadi çətinliklərin dərinləşdiyi bildirilir. Yanacağın qiymətinin artması, bəzi yerlərdə talon sistemi ilə satış, eləcə də sosial ödənişlərdə gecikmələr kimi problemlər qeyd olunur. Zelenski bu vəziyyətin Rusiya cəmiyyətində necə qarşılanacağını da sual edir.

O, eyni zamanda müharibənin dayandırılması və danışıqlar yolu ilə həll edilməsinin vacibliyini vurğulayır. Lakin Putin Valday Beynəlxalq Forumunda çıxışı zamanı məqsədlərə çatmadan müharibənin dayandırılmayacağını, eyni zamanda danışıqlara açıq olduqlarını bildirib.

“Son dövrlərdə ABŞ-nin diqqətinin bir hissəsi İranla bağlı gərginliklərə yönəldiyinə görə, Ukraynaya dəstək və digər beynəlxalq yardımlar müəyyən qədər azalmışdı. Lakin yeni ABŞ Konqresi Rusiyaya qarşı daha sərt sanksiyaları nəzərdə tutan qərar qəbul edib. Eyni zamanda, Rusiya mallarına 500 faizədək vergi tətbiqi kimi addımların gündəmə gəlməsi məsələnin nə qədər ciddi xarakter aldığını göstərir.

Bu addımların əsas məqsədinin Rusiyanın iqtisadiyyatına ciddi təzyiq göstərmək və onun maliyyə imkanlarını məhdudlaşdırmaq olduğu bildirilir. Hesab olunur ki, sanksiyaların daha da sərtləşdirilməsi Moskvanın iqtisadiyyatına və beynəlxalq tərəfdaşları ilə münasibətlərinə əhəmiyyətli təsir göstərə bilər.

Çünki Rusiyanın beynəlxalq arenada əməkdaşlıq etdiyi əsas tərəfdaşlar Şimali Koreya, Çin və İran kimi ölkələrdir və Qərb ölkələrinin böyük hissəsi ilə münasibətlər artıq gərgindir və ya dayanıb”-deyən politoloq bildirib ki, Rusiya ağır iqtisadi vəziyyətə baxmayaraq, müxtəlif regionlarda təsir imkanlarını qorumağa və bəzi ölkələrin daxili proseslərinə müdaxilə etməyə çalışır. O cümlədən, Ermənistan kimi ölkələrdə keçirilən parlament seçkiləri ilə bağlı Rusiya yönümlü qüvvələrin dəstəklənməsi iddiaları da gündəmdədir.

Elşad Həsənov hesab edir ki, ABŞ Konqresinin qəbul etdiyi bu qərarın təsdiqlənməsi halında Rusiyaya həm iqtisadi, həm də siyasi baxımdan ciddi təsirlərin olacağı ehtimal edilir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »