Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan ilə Türkiyə arasında münasibətlərin normallaşması prosesi davam edir və yaxın gələcəkdə bu istiqamətdə yeni irəliləyiş əldə oluna bilər.
Bizimyol.info xəbər verir ki, “Armenpress”in məlumatına görə, nazir Milli Assambleyanın daimi komitələrinin birgə iclasında 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatın müzakirəsi zamanı Ermənistan-Türkiyə dialoqu və son dövrdə görülən işlərə toxunub.
“Türkiyə ilə dialoqumuz davam edir. Gümrü-Qars dəmir yolunun fəaliyyətinin bərpası üçün yaradılmış işçi qrupunun iclasları keçirilib və bir sıra digər görüşlər baş tutub”, — deyə Mirzoyan bildirib.
Nazirin sözlərinə görə, yaxın zamanda münasibətlərin normallaşdırılması prosesində nəzərəçarpacaq nəticələr əldə edilə bilər.
“Mən gözləyirəm və hesab edirəm ki, çox yaxın gələcəkdə Türkiyə ilə münasibətlərimizin tam normallaşması istiqamətində ciddi irəliləyişə nail olacağıq”, — deyə o vurğulayıb.
Mirzoyan əlavə edib ki, normallaşma prosesinin məntiqi yekunla nəticələnəcəyinə əmindir. “Əminliyimi ifadə etmək istəyirəm ki, yaxın gələcəkdə tam nizamlanmaya nail olacağıq”, — deyə Ermənistan XİN rəhbəri qeyd edib.
Nazir həmçinin iki ölkə arasında artıq birbaşa ticarətin mövcud olduğunu bildirib.
“Mən yalnız son hadisəni qeyd edəcəyəm. Bu hesabat dövrünə aid olmasa da, hazırda Ermənistan ilə Türkiyə arasında birbaşa ticarət mövcuddur — gömrük baxımından və coğrafi olaraq birbaşadır, baxmayaraq ki, hələ də üçüncü ölkələrin ərazisi vasitəsilə həyata keçirilir”, — deyə Mirzoyan əlavə edib.
Bizimyol.info






