ABŞ neft sənayesi nümayəndələrinin ehtiyatların azalması və Yaxın Şərqdən tədarük riskləri fonunda qiymət artımı barədə xəbərdarlıqları bazarda narahatlığı artırıb.
Politico-nun məlumatına görə, bəzi sənaye rəhbərləri yaxın həftələrdə neft qiymətlərində kəskin yüksəliş ehtimalını gündəmə gətirir, baxmayaraq ki, Ağ Ev bu iddiaları “səhv məlumat” adlandırır.
Donald Tramp administrasiyasına ünvanlanan bu xəbərdarlıqlar enerji təhlükəsizliyi və ehtiyat idarəçiliyi ilə bağlı siyasi təzyiqi də artırır.
- Neft bazarında real qiymət sıçrayışı daha çox geosiyasi risklərdənmi, yoxsa ehtiyat idarəçiliyindəki struktur problemlərdənmi qaynaqlana bilər?
İqtisadçı Əli Səlimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, neft bazarında son dövrlərdə müşahidə olunan gərginliklər və ABŞ neft sənayesi nümayəndələrinin ehtiyatların azalması ilə bağlı xəbərdarlıqları qlobal enerji sistemində daha fundamental bir sualı yenidən gündəmə gətirib.
Neft qiymətlərində mümkün kəskin sıçrayışın əsas səbəbi nədir — artan geosiyasi risklər, yoxsa ehtiyat idarəçiliyində və enerji sisteminin strukturunda dərinləşən problemlər?
İqtisadçı bildirib ki, bu sualın cavabı təkcə cari qiymət dəyişikliklərini izah etmir, həm də beynəlxalq enerji təhlükəsizliyinin gələcək sərhədlərini müəyyənləşdirir.
Mövcud vəziyyəti anlamaq üçün ilk növbədə geosiyasi faktorların neft bazarına təsir mexanizmini nəzərdən keçirmək lazımdır. Neft bazarı klassik əmtəə bazarlarından fərqli olaraq yalnız fiziki təchizat və tələbat balansı ilə deyil, həm də risk gözləntiləri ilə idarə olunur. Xüsusilə Yaxın Şərq kimi strateji regionlarda baş verən hər hansı siyasi və ya hərbi gərginlik beynəlxalq bazarda dərhal qiymət reaksiyası yaradır. Bu reaksiyanın əsas mexanizmi “risk premium” adlanır. Yəni real tədarükdə dəyişiklik olmasa belə, gələcəkdə baş verə biləcək pozulmaların ehtimalı qiymətlərə əlavə olunur.
Əli Səlimovun fikrincə, bu baxımdan ABŞ neft sənayesindən gələn xəbərdarlıqlar təkcə texniki qiymətləndirmə deyil, həm də bazar psixologiyasına təsir edən siqnal funksiyasını yerinə yetirir. Enerji bazarlarında tarixən müşahidə olunub ki, rəsmi siyasi mövqe çox vaxt qısa müddətdə bazar psixologiyasını sakitləşdirə bilsə də, uzunmüddətli trendi dəyişməkdə məhdud təsirə malik olur:
“Digər tərəfdən, yalnız geosiyasi riskləri əsas faktor kimi götürmək enerji bazarlarını qiymətləndirmək baxımından kifayət etmir. Son illərdə beynəlxalq enerji sistemində baş verən struktur dəyişikliklər neft bazarının şoklara qarşı dayanıqlığını azaldıb. Xüsusilə ABŞ-də strateji neft ehtiyatlarının əvvəlki dövrlərlə müqayisədə azalması və kommersiya ehtiyatlarının daha aşağı səviyyədə qalması bazarın “təhlükəsizlik yastığı”nı zəiflədib. Əvvəllər belə ehtiyatlar beynəlxalq böhranlar zamanı qiymətləri sabitləşdirən əsas alət rolunu oynayırdı. İndi isə həmin mexanizmin təsir gücü azaldığı üçün bazar hər hansı xarici şoka daha tez və daha kəskin reaksiya verir”.
İqtisadçının fikrincə, bununla yanaşı, ABŞ neft hasilatı modelində də struktur dəyişikliklər müşahidə olunur. Şist neftinin dominant rol oynaması ölkəni qlobal bazarda daha çevik oyunçuya çevirsə də, bu model sonsuz genişlənmə qabiliyyətinə malik deyil. Şirkətlərin investisiya davranışında daha konservativ yanaşma, kapital xərclərinin optimallaşdırılması və hasilat artımının sabitləşməsi qısamüddətli tədarük elastikliyini məhdudlaşdırır.
Bu isə o deməkdir ki, tələb və ya təklifdə yaranan ani dəyişikliklər əvvəlki illərlə müqayisədə daha güclü qiymət reaksiyası yaradır.
Əli Səlimov hesab edir ki, burada diqqət yetirilməli vacib məqamlardan biri də beynəlxalq enerji keçidinin bazar strukturuna təsiridir. Bərpa olunan enerji mənbələrinə keçid uzunmüddətli perspektivdə neftə tələbi azaltsa da, keçid dövründə investisiya qeyri-müəyyənliyi yaradır. Neft şirkətləri həm ənənəvi hasilatı artırmağa ehtiyatla yanaşır, həm də alternativ enerji sahələrinə tam keçmədikləri üçün aralıq bir investisiya strategiyası izləyirlər. Bu vəziyyət neftin təklifində müəyyən struktur gərginliklər yaradır.
“Bütün bu faktorlara nəzər yetirdikdə sualın əsas hissəsini daha aydın cavablaya bilərik. Qiymət sıçrayışı tək bir səbəbdən deyil, bir neçə mexanizmin eyni vaxtda işləməsindən qaynaqlanır. Geosiyasi risklər bazarda ani şoklar yaradır, lakin bu şokların böyüyərək davamlı qiymət artımına çevrilməsi ehtiyat idarəçiliyindəki zəifliklər və struktur məhdudiyyətlərlə mümkün olur. Yəni geosiyasət “tetikləyici”, struktur problemlər isə “gücləndirici” rolunu oynayır”, - deyən Əli Səlimov hesab edir ki, ümumiyyətlə, neft bazarında müşahidə olunan potensial qiymət sıçrayışını yalnız bir amillə izah etmək yetərli deyil. Əslində, bu proses çoxqatlı bir dinamikadır. Bir tərəfdə Yaxın Şərqdə və beynəlxalq siyasi sistemdə artan qeyri-müəyyənliklər dayanır, digər tərəfdə isə ehtiyatların azalması, hasilat modelinin transformasiyası və enerji keçidinin yaratdığı struktur təzyiqlər. Bu iki xəttin kəsişməsi isə neft bazarını daha həssas, daha reaktiv və proqnozlaşdırılması daha çətin olan bir mərhələyə daxil edir.
İradə Cəlil, Bizimyol.info






