Kreml ABŞ-ın vitse-prezidenti JD Vensin Cənubi Qafqazın iki ölkəsinə səfərindən sonra bildirib ki, Rusiya həm Ermənistan, həm də Azərbaycanla münasibətlərini daha da inkişaf etdirmək niyyətindədir. ABŞ və Azərbaycan strateji tərəfdaşlıq imzalayıblar və Vens köhnəlmiş Sovet dövründən qalma nüvə elektrik stansiyasını işlədən və yenisini istifadəyə verməyə çalışan Ermənistanla nüvə sazişi imzalayıb. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Azərbaycan və Ermənistan öz xarici siyasətlərini inkişaf etdirmək hüququna malik suveren ölkələrdir və Moskvanın hər iki ölkə ilə dərin qarşılıqlı faydalı əlaqələri var.
Müsavat yazır ki, Kremlə yaxın politoloqlar deyir ki, "Ukraynadan dərs almadılar, Rusiya Cənubi Qafqaza qayıdana qədər heç kim xoşbəxt olmayacaq. Qafqazda hamı Kissincerin dərsini öyrənməyib: Amerikanın düşməni olmaq təhlükəlidir, amma Amerikanın dostu olmaq ölümcüldür".
Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistanın Amerika Birləşmiş Ştatları ilə münasibətləri tamam fərqli istiqamətlərdədir.
Zeynal Əmrəliyev“Rusiya Ermənistanda müəyyən təxribatlar törədə bilər. Çünki Ermənistanda Rusiyaya bağlı hərbi qüvvələr var. Ermənistan hakimiyyəti içərisində Rusiyaya bağlı şəxslər var. Ermənistanın silahlı qüvvələrinin ali zabit heyətinin 90 faizi Rusiyaya bağlı şəxslərdir. Onlar Köçəryan- Sarkisyan dövründə yetişmiş generallardır. Paralel şəkildə Ermənistan müxalifətinin içində Rusiyaya bağlı xeyli qüvvə var. İstər Qarabağ klanı olsun, hansı ki, həmin şəxslər Ermənistanı Rusiyanın forpostuna çevrilmişdi. İstərsə də indi Rusiyanın adamı Samvel Karapetyanın başçılığı altında yaradılmış “Güclü Ermənistan” partiyası olsun. Yəni Rusiyanın Ermənistanda təsir imkanları kifayət qədər güclüdür”-deyə Zeynal Əmrəliyev qeyd edib.
“Azərbaycan tamamilə fərqlidir və Azərbaycanda Rusiyanın təsir imkanları yoxdur. Son zamanlarda həyata keçirilmiş tədbirlər, ümumiyyətlə, Azərbaycana xarici təsirləri minimum səviyyəyə endirib. Azərbaycan öz milli maraqları çərçivəsində istənilən ölkə ilə əməkdaşlıq edə bilər. Bizim Rusiya ilə normal münasibətlərimiz var. Hər nə qədər gərginlik yaratsalar da, Azərbaycan bütün ölkələrlə normal münasibətlər qurulmasına səy göstərib və indi də göstərir. Yəni buna görə öz milli maraqlarımız çərçivəsində Rusiya ilə normal münasibətlər qurmuşuq. Bizim Amerika Birləşmiş Ştatları ilə də normal münasibətlərimiz var. Düzdür, Bayden administrasiyası dövründə administrasiyanın səhv siyasəti, birtərəfli mövqe sərgiləməsi nəticəsində müəyyən təzadlar olmuşdu. Ancaq Tramp administrasiyası bu səhvləri düzəltdi”-deyə politoloq bildirib.
Zeynal Əmrəliyev vurğulayıb ki, Azərbaycanla ABŞ arasındakı ikitərəfli əməkdaşlıq nə Rusiya, nə də başqa bir ölkəyə qarşı yönəlməyib: “Bu, sadəcə olaraq iki dövlətin əməkdaşlığıdır və burada qeyri-adi heç bir şey yoxdur”.
İradə Cəlil, Bizimyol.info






