Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş məcburi köçkünlərlə ev sahibləri arasında qalmaqal: nə mənzildən çıxırlar, nə də təklif olunan bölgələrə gedirlər
Keçmiş məcburi köçkünlərlə ev sahibləri arasında qalmaqal: nə mənzildən çıxırlar, nə də təklif olunan bölgələrə gedirlər

Azərbaycan işğal altındakı torpaqlarını geri qaytararaq, Qarabağ problemini həll etsə də, evləri vaxtilə məcburi köçkünlər tərəfindən zəbt olunmuş vətəndaşların problemləri indiyədək həllini tapmır. Əllərində mülkiyyət sənədi olduğu halda, 30 ildən çoxdur mənzilinin kandarından içəri keçə bilməyən yüzlərlə insan hələ də dövlət orqanlarından kömək istəyir.

Bizimyol.info xəbər verir ki, bu gün də Bakıda, Sumqayıtda keçmiş məcburi köçkünlər tərətindən zəbt olunan onlarla mənzil var. Həmin mənzillərin sahiblərinin əllərində evlərinin boşaldılması barədə məhkəmə qətnaməsi olmasına baxmayaraq, bu qərarlar kağız üzərində qalır.

Bakının Yeni Yasamal qəsəbəsindəki binalardan birində 7 mənzil məcburi köçkünlər tərəfindən zəbt olunub. Ev sahibləri hələ də bu problemi həll edə bilmir.

Mülkiyyətçilər bildirir ki, məcburi köçkünlər onların mənzillərini tərk eləmək istəmirlər: “Onlara “Qaçqınkom” Biləsuvarda və başqa rayonlarda evlər təklif ediblər, getməyə razılaşmayıblar. Bizə də deyirlər ki, nə vaxt bizə öz rayonumuzda, öz kəndimizdə əməlli-başlı, şəraitli ev verərlər, onda çıxarıq. Yoxsa çıxmayacağıq. Bəs biz necə eləyək? 33-34 ildir küçələrdəyik, döymədiyimiz qapı qalmayıb, belə zülm, belə dərd olar? Sən Biləsuvarda yaşamaq istəmirsən deyə, mənim evimdə qalmalısan, mən də qapılarda sürünməliyəm?”

Ev sahiblərindən biri Sevinc Hüseynzadə bildirir ki, onların evlərini Şuşadan məcburi köçkün olan ailə onillərdir zəbt edib. Onun sözlərinə görə, evdən çıxmamaları bir yana, üstəlik, onlara minnət də qoyurlar.

Sevinc Hüseynzadə deyir ki, Yeni Yasamal 1 yaşayış massivindəki 12 saylı binanın 48 və 52 saylı 5 otaqlı mənzilləri onun 13 nəfərdən ibarət ailəsinə məxsus olsa da, 30 ildən çoxdur başqalarının istifadəsindədir.

“Mən demirəm ki, getmirəm. Mənə ev versinlər, çıxıb gedim”, - Sevinc Hüseynzadəgilin evlərindən birində məskunlaşmış, əslən Şuşadan olan Famil Rəsulov bildirib.

Qeyd edək ki, bu cür evlərin boşaldılması ilə bağlı yerli məhkəmələrin çıxardığı qərarların icra olunmamasından mənzil sahibləri Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib. Avropa Məhkəməsi bunu həm mülkiyyət hüququnun, həm də ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu kimi qiymətləndirib.

Bakının Nəsimi rayonu, Vaqif prospektində yerləşən mənzillərdən birinin sahibi illərdir evinin məcburi köçkünlər tərəfindən zəbt olunduğunu əsas gətirərək, hazırda orada yaşayan şəxslərə qarşı kirayə haqqının ödənilməsi tələbi ilə iddia qaldırıb. Məhkəmə bir müddət əvvəl məcburi köçkünlərin həmin mənzildən çıxması barədə qərar versə də, onlar evi tərk etməyib. Mülkiyyətçi bu səbəbdən kirayə haqqı tələbi ilə bağlı iddiasında məbləğin həmin vaxtdan – 2021-ci ilin sentyabrından hesablanmasını istəyib. O bildirib ki, əgər adamlar mənzili tərk etmək istəmirlərsə, o zaman kirayə haqqını ödəsinlər.

Məcburi köçkünlər bu tələblə razılaşmayıb. Onlar bildirib ki, əgər pul verilməlidirsə də, bunu onları yaşayış yeri ilə təmin etmək öhdəliyi daşıyan müvafiq dövlət qurumu ödəməlidir. Lakin məhkəmə mənzil sahibinin iddiasını təmin edib. 2021-ci ildə aylıq 500 manatdan olmaqla, 3 ay (oktyabr, noyabr, dekabr) üçün ümumilikdə 1500 manat hesablanıb. 2022-ci ildə aylıq 620 manat, 2023-cü il üçün aylıq 650 manat, 2024-cü ildə hər ay 680 manat, 2025-ci ildə isə aylıq 750 manatdan götürülüb. Beləliklə, 2021-ci ilin oktyabrından 2026-cı ilin yanvarınadək olan müddətdə evdə yaşayan keçmiş məcburi köçkünlərin əmlak sahibinə ümumilikdə 33 min 900 manat pul ödəməsinə qərar verilib.

Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, mənzillərin boşaldılması barədə məhkəmə qətnamələri onlara da təqdim olunub. Bunu nəzərə alaraq, həmin mənzillərdə məskunlaşmış ailələrə Biləsuvar, Goranboy, Ucar, Kürdəmir rayonlarında yerləşən qəsəbələrdə boş mənzil fondundan mənzillər təklif edilib. Lakin onlar təklif olunan mənzillərə köçməkdən imtina ediblər.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »