“Son illər İran İslam Respublikasında müşahidə olunan kütləvi etirazlar və iğtişaşlar təkcə sosial-iqtisadi narazılıqların təzahürü deyil, daha dərin və sistemli bir siyasi böhranın göstəricisidir. Bu proseslər ölkədə mövcud olan teokratik molla hakimiyyətinin legitimliyinin ciddi şəkildə aşındığını və İran cəmiyyətinin böyük bir hissəsinin mövcud idarəetmə modelini qəbul etmədiyini açıq şəkildə ortaya qoyur”.
Bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Nicat İsmayılov bildirib ki, İran cəmiyyətində narazılıqlar bir neçə əsas faktor üzərində cəmlənir:
1. Teokratik idarəetmə modeli və siyasi monopoliyalaşma
İranın siyasi sistemi xalqın iradəsinə deyil, ali dini rəhbərin və onun ətrafında formalaşmış dar elitanın hökmranlığına əsaslanır. Prezident və parlament seçkiləri formal xarakter daşıyır, real hakimiyyət isə Vilayəti-fəqih institutunun əlində cəmləşib. Bu isə cəmiyyətdə siyasi iştirakın mənasızlaşmasına və dərin məyusluğa səbəb olur.
2. Şəxsi azadlıqların sistemli şəkildə məhdudlaşdırılması
Qadın hüquqları, ifadə azadlığı, media və internet üzərində nəzarət, dini məcburiyyətlər – bütün bunlar xüsusilə gənc nəsil üçün qəbuledilməzdir. İran əhalisinin böyük hissəsini təşkil edən gənclər dini ideologiya ilə idarə olunan dövlət modelini XXI əsrin reallıqları ilə uzlaşmayan bir sistem kimi görürlər.
3. İqtisadi böhran və sosial bərabərsizlik
Beynəlxalq sanksiyalar, korrupsiya, qeyri-şəffaf iqtisadiyyat və SEPAH-a (İslam İnqilabı Keşikçiləri Korpusu) bağlı iqtisadi monopoliyalar əhalinin həyat səviyyəsini kəskin şəkildə aşağı salıb. Xalq haqlı olaraq sual edir: “Niyə dövlət ideoloji və xarici ekspansiya siyasətinə milyardlar xərcləyir, amma öz vətəndaşının rifahını təmin edə bilmir?”
Nicat İsmayılov
- Xalq molla rejimini niyə istəmir?
Nicat İsmayılov vurğulayıb ki, İran cəmiyyətində formalaşan ümumi mövqe artıq açıq şəkildə ifadə olunur.
“Problem təkcə konkret şəxslər deyil, bütövlükdə molla rejiminin özüdür. Xalq bu sistemi müəyyən səbəblərdən rədd edir:
- Dövlətin dini ideologiyanı zorla tətbiq etməsi,
- Dünyəvi idarəçilik və hüquqi dövlət prinsiplərinin olmaması,
- Qanunun ali deyil, dini liderin iradəsinin üstün olması,
- Cəmiyyətin dünyadan təcrid edilməsi,
- Gələcək perspektivlərin olmaması.
Etiraz şüarlarının mahiyyəti də bunu təsdiqləyir və xalq artıq islahat yox, sistem dəyişikliyi tələb edir”-deyə politoloq qeyd edib.
Nicat İsmayılovun fikrincə, İran müxalifəti hazırda parçalanmış vəziyyətdə olsa da, bir neçə əsas istiqamət formalaşmaqdadır:
1. Dünyəvi-demokratik qüvvələr
Xaricdə fəaliyyət göstərən müxalifət qrupları, hüquq müdafiəçiləri, qadın hərəkatları və gənclər arasında dünyəvi dövlət ideyası geniş dəstək qazanır. Onların əsas tələbi, dinin dövlətdən ayrılması və xalqın iradəsinə əsaslanan respublika modelidir.
2. Monarxiya tərəfdarları (Pəhləvi xətti)
Şah dövrünə nostalji ilə yanaşan müəyyən sosial təbəqələr mövcuddur. Lakin bu ideya cəmiyyətin bütün təbəqələrini birləşdirən ümummilli alternativə çevrilə bilməyib.
3. Keçid hökuməti və konstitusion islahatlar
Ən real ssenarilərdən biri molla rejiminin zəifləməsi fonunda keçid dövrü hökumətinin formalaşması və referendum yolu ilə yeni siyasi sistemin müəyyən edilməsi ola bilər.
“İran İslam Respublikası bu gün tarixi bir yol ayrıcındadır. Xalqın səbr kasası dolub və molla rejimi artıq cəmiyyətin əsas təbəqələri üçün nə ideoloji, nə iqtisadi, nə də siyasi baxımdan cəlbedici deyil. İğtişaşlar müvəqqəti emosional partlayış deyil, uzun illər yığılıb qalmış sistem böhranının təzahürüdür.
Molla rejimi islahatlarla özünü xilas etməyə çalışsa da, cəmiyyət artıq bu sistemin içərisində gələcək görmür. İranın gələcəyi ya dərin siyasi transformasiya, ya da daha kəskin sosial-siyasi toqquşmalar üzərindən formalaşacaq.
Bir məsələ artıq aydındır. İran xalqı molla hakimiyyətini istəmir və bu, regionun geopolitik mənzərəsini dəyişəcək əsas faktorlardan birinə çevrilməkdədir”-deyə politoloq bildirib.
İradə Cəlil, Bizimyol.info






