Ötən ilin dekabrın 29-da başlayan etiraz aksiyaları İranın şəhərlərinə yayılmağa davam edir. İqtisadi problemlər səbəbilə başlayan aksiyalar gün keçdikcə, daha da genişlənir. Bu aksiyaların fonunda ABŞ prezidenti Donald Tramp aksiyaçılara güc tətbiq edilərsə, müdaxilənin qaçınılmaz olduğu ilə bağlı fikir bildirib. Aksiyaların mərkəzində olmağa çalışan Reza Pəhləvi isə yetərli qədər tərəfdaşa malik olmasa da, hakimiyyətə gəlmək arzusundadır. Amma etiraf edək ki, onun hakimiyyətə gəlişini qeyri-farslar arzulamır. Qısacası, İran öz tarixində son zamanların ən zəif düşdüyü bir dövr yaşayır…
Siyasi şərhçi Rufiz Hafizoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bəzən "biz insan olaraq bəşəriyyət tarixində baş verən hadisələrdən real nəticə çıxara bilmirik" kimi bir təəssürat yaranır: “Bəzən elə təəssürat yaranır ki, bu xalq kütlələrinin İranda rejim əleyhinə keçirilən etirazı aksiya 3-4 gün davam edərsə, bu, rejimin dəyişməsi ilə nəticələnəcək. Bəli, proseslər ona doğru gedir. Bu, bir gerçəkdir. Ən azından o istiqamətdə atılan addımların ilkin nəticələridir. Əgər xatırlayırsınızsa, Suriyada insanların dinc aksiyaları başlayanda bir çoxları elə düşünürdü ki, artıq Bəşər Əsəd rejimi son günlərini yaşayır. Hər şey dəyişəcək. Yaxın Şərqdə bir demokratik nizam qurulacaq, Bəşər Əsəd gedəcək. Dedilər, bu bir həftədən sonra olacaq. Sonra dedilər: "yox, bir həftə deyil, bir ay, bir il" və s. Nəticə etibarilə biz bu münaqişənin, daha doğrusu, insan ölümü və milyonlarla suriyalının ölkəsindən çıxması ilə nəticələnən acı müharibənin 11 il davam etdiyinin şahidi olduq”.
Rufiz HafizoğluRufiz Hafizoğlu hesab edir ki, rejimlərin dəyişilməsi, xüsusən də İranın bu və ya digər şəkildə maraqlarının olduğu rejimlərin dəyişməsi çox ağırdır: “Misirdə hakimiyyət dəyişdi, amma "ərəb baharı" adı altında baş verən hadisələr əslində bir o qədər də asan olmadı. Çox ağrılı, iqtisadi, eyni zamanda ictimai baxımdan çox ağır nəticələri olan hadisələrə şahid olduq. Bu gün İranda baş verənlərə də, bu prizmadan yanaşmaq lazımdır. Rejim iki günəmi və ya bir ayamı, bir iləmi süqut edəcək?! Bunu demək asan deyil. Amma etiraf etmək də lazımdır ki, bu aksiyalar İranın çökməsi üçün atılan addımlardır”.
Rufiz Hafizoğlu vurğulayıb ki, baş verən hadisələr fonunda İrana hərbi müdaxilə gündəmdədir. Politoloqun fikrincə, əslində bu müdaxilə ötən ilin sonuna qədər gözlənilirdi, lakin qarşıdakı 3 ay ərzində bu müdaxilə qaçınılmazdır.
- İrana ehtimal hərbi müdaxilənin səbəbi nədir?
Politoloq qeyd edib ki, istər ABŞ, istər İsrail və istərsə də digər qüvvələr İranı maksimum şəkildə daxildən zəiflətməyə çalışır. Bu vəziyyətə müxtəlif rakusrslardan yanaşmanın önəmli olduğunu bildirən Rufiz Hafizoğlu vurğulayıb ki, İranda bir çox ölkələrin maraqlarının olduğunu da unutmamalıyıq: “Azərbaycanın da orada güneyli soydaşlarımıza yönəlik təbii ki, milli maraqlarımız var və bu milli maraqlar heç bir halda inkar oluna bilməz. Hətta xatırlayırsınızsa, 12 günlük müharibə dönəmində Azərbaycan prezidenti İlham Əliyev İsrail tərəfindən nüvə obyektlərinə hücumu çərçivəsində Təbrizin vurulmaması və Təbrizə raket zərbələrinin endirilməməsi barədə bir açıqlama verdi. Bu İsrailə çatdırılmışdı. Qısası, İranın daxildən çökmə prosesi başlayıb. Amma bu proses uzun çəkə bilər. Hərbi müdaxilə isə qaçılmazdır”.
Rufiz Hafizoğlu hesab edir ki, İran bu gün İslam inqilabından sonrakı ən kövrək, ən zəif belə halını yaşayır.
Politoloq qeyd edib ki, Qəzzada yaşanan müharibə, Hizbullah liderlərinin ard-arda öldürülməsi, Suriyada Bəşər Əsəd rejiminin çökməsi və Qərbə, eyni zamanda Türkiyəyə olduqca loyal sünni bir hakimiyyətin Suriyada hakimiyyətə gəlməsi İranı sarsıdan məqamlar oldu.
“İran güclü dövlətdir. Amma daha güclü bir dövlət ola bilərdi. O halda ki, proksi qüvvələri bəsləməsəydi. Yəni yerli müsəlmanların, şiə müsəlmanların, dünya şiəliyinin zəkatını, müxtəlif ianələrini toplayıb Hizbullaha və liman husilərinə bəxş etməsəydi, İran daha güclü bir dövlət ola bilərdi. Təbii ki, İran bunu öz maraqları üçün edirdi. Etməsəydi, bu gün İran regionun ən super dövləti ola bilərdi. Bu da bir gerçəkdir. İranın başqa maraqları var idi və bu maraqlar da İranı gətirib çıxılmaz bir dalana dirədi”-deyə politoloq bildirib.
Rufiz Hafizoğlu qeyd edib ki, İrana hərbi müdaxilə proksi qüvvələrinin zəiflədilməsi və ya içdən çökdürülməklə mümkündür: “Biz bunu 12 günlük müharibə dönəmində də müşahidə etdik ki, İrana hərbi müdaxilə yetərincə effekt vermir. Bu baxımdan nə etmək lazım idi? Proksiləri çökdürmək lazım idi. Kim idi bu proksilər? Proksi qüvvə Suriyadakı Bəşər Əsəd hakimiyyəti idi.
Və Livandakı Hizbullah qruplaşmasıdır ki, əslində "dövlət içində dövlət" hesab olunur. Amma bu gün Hizbullah Livanda ən çətin və ağrılı günlərini yaşayır.
Digər bir tərəfdən İraq hakimiyyəti var idi. Baxmayaraq ki, İraq əhalisinin əksəriyyəti və hakimiyyət şiə yönümlüdür, özü belə İran yönlüdür, amma çox ağıllı bir addım atdılar. Hizbullah və husilər terror təşkilatı kimi qəbul edildi, onların ölkədə fəaliyyəti qadağan olundu. Onlara pul transfer edən bankların fəaliyyətinə qarşı barqo tətbiq edildi.
Yəmən məsələsidir. Bilirsiniz ki, Səudiyyə Ərəbistanı üstünlüyü ələ aldı. Bütün bunlar onu göstərir ki, İran ətrafında çəmbər olduqca olduqca daralmaqdadır”.
Politoloq hesab edir ki, Trampın müraciəti hazırda bir o qədər də ciddi müraciət deyil, çünki ortada bir Venesuela faktoru var idi və hamı bilir ki, bu əməliyyat yalnız və yalnız neft uğruna bütün demokratik prinsiplərə zidd bir addım idi: “Bir ölkənin prezidentini yatağından qaçırmaq heç bir demokratik prinsiplərə sığmır. Bu hadisələrin fonunda Trampın İrana belə bir bəyanat verməsi o qədər də mahiyyət kəsb etməyən bir məsələdir”.
İradə Cəlil, Bizimyol.info






