Naxçıvan Muxtar Respublikasında (MR) Təhsil Nazirliyinə tabe olan “Texniki Servis” MMC-nin direktoru Rəhman Səfərov bir universitetdən başqa universitetə köçürmə adı altında dələduzluqda ittiham olunur.
Bizimyol.info xəbər verir ki, 1989-cu il təvəllüdlü Rəhman Səfərov barəsində Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4 (dələduzluq – qulluq mövqeyindən istifadə edilməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
İttihama əsasən, o, Naxçıvan Dövlət Universitetinin tarix fakültəsində təhsil alan Ələkbəri Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinə köçürmək adı ilə dələduzluq edib. Bu adla onun atası Şaiqdən 9000 manat pul alıb. Üstündən uzun müddət keçsə də, vədinə əməl etməyib. Hər dəfə söz verib ki, növbəti tədris ilindən Ələkbər BDU-ya gedəcək. Üstündən nəinki aylar, hətta illər keçsə də, nə köçürmə baş tutub, nə də pul geri qayıdıb. Bu səbəbdən də ondan hüquq-mühafizə orqanlarına şikayət olunub.
Zərərçəkmiş Ağcabədi rayon sakini olsa da, pul Bərdə ərazisində verildiyinə görə, onunla bağlı şikayət də bu rayonda araşdırılıb və cinayət işi başlanıb. Rəhman Səfərov cinayət məsuliyyətinə cəlb edilsə də, həbs olunmayıb. Onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Haqqında cinayət işi başlanandan sonra o, zərərçəkmişin pulunu qaytarıb. Həmçinin məhkəmə dövründə ziyanın 25 faizi qədər də dövlət büdcəsinə əlavə ödəniş edib. Hakim də bunları nəzərə alaraq, onun barəsində cinayət təqibinə xitam verib.
Aytən, Bizimyol.info






