Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Təchizat baxımından Qazaxıstanın payının artması Azərbaycanın Rusiyadan asılılığını ciddi şəkildə azaldır"
"Təchizat baxımından Qazaxıstanın payının artması Azərbaycanın Rusiyadan asılılığını ciddi şəkildə azaldır"

Son illərdə Azərbaycan və Qazaxıstan arasındakı siyasi və iqtisadi əlaqələr güclənib, bu da Azərbaycanın buğda idxalında mənbənin dəyişməsinə səbəb olub. 2025-ci ilin ilk 9 ayında Azərbaycana 867 min ton, 186 milyon dollar dəyərində yumşaq buğda idxal olunub ki, bu da 2024-cü ilə nisbətən 111 min ton və 21 milyon dollar çoxdur. İdxalın 66%-i Qazaxıstandandır (572 min ton). Qazaxıstan buğdası əsasən Rusiyanın ərazisi vasitəsilə dəmir yolu ilə gətirilib. 2024-cü ildə Rusiyanın idxaldakı payı 100%-ə yaxın olsa da, 2025-ci ildə 34%-ə enib. Buğdanın ton üzrə orta qiyməti 2025-də 214 dollar, 2024-də isə 219 dollar olub. Beləliklə, ton başına qiymət təxminən 2,5 faiz ucuzlaşıb. Qazaxıstan həmçinin Azərbaycandan tranzitlə digər ölkələrə, o cümlədən Ermənistana da buğda ixrac edir. Azərbaycanın tranzit məhdudiyyətlərini yüngülləşdirməsi bu prosesi mümkün edib.

  • Qazaxıstandan buğda idxalının artması Azərbaycan bazarında qiymət və təchizat baxımından nə kimi dəyişikliklərə səbəb ola bilər?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu il buğdanın ton qiymətinin əvvəlki ilə nisbətən ucuzlaşması bazarda kəskin bahalaşma riskini azaldır: “Qazaxıstandan buğda idxalının artması Azərbaycanda qiymətlərin və təchizatın daha sabit olmasına səbəb ola bilər. 2025-ci ildə buğdanın ton qiymətinin əvvəlki ilə nisbətən ucuzlaşması bazarda kəskin bahalaşma riskini azaldır. İdxal mənbələrinin şaxələnməsi, həm qiymətlərin süni şəkildə yüksəlməsinin qarşısını alır, həm də tədarükün davamlılığını gücləndirir. Ümumiyyətlə, idxalın şaxələndirilməsi həmişə vacibdir, bu baxımdan Rusiyadan da idxalı dayandırmaq lazım deyil. Təchizat baxımından Azərbaycanda əvvəl yalnız Rusiyadan asılılıq mövcud idisə, indi Qazaxıstanın payının artması bu asılılığı azaldır və riskləri bölüşdürür. Bu da geopolitik dəyişikliklər və ticarət məhdudiyyətləri zamanı təchizatın dayanma ehtimalını azaldır. Nəqliyyat marşrutlarının genişlənməsi gələcəkdə daha dayanıqlı alternativlər yaradılmasına şərait yarada bilər”.

Akif Nəsirli Akif Nəsirli

Akif Nəsirli vurğulayıb ki, Azərbaycanın tranzit siyasətində yumşalma regional ticarətdə rolunu artırır: “Ərzaq təhlükəsizliyi baxımından yeni vəziyyət, ümumilikdə müsbət dəyərləndirilir. Azərbaycana daha münasib qiymətə və daha sabit şəkildə buğda gətirilməsi ehtiyatların artırılmasına imkan verir və tək mənbədən asılılığı xeyli azaldır. Eyni zamanda Azərbaycanın tranzit siyasətində yumşalma regional ticarətdə rolunu artırır və ölkənin strateji mövqeyini möhkəmləndirir. Bununla belə, Qazaxıstan tədarükü hələ də müəyyən dərəcədə Rusiya marşrutundan asılı olduğundan tam riskdən uzaqlaşmaq üçün həm yerli istehsal artırılmalı, həm də alternativ nəqliyyat yolları daha fəal istifadə olunmalıdır. Bu baxımdan Transxəzər daşımaları önəmlidir”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »