Danimarka hökuməti 15 yaşdan aşağı uşaqların sosial mediaya girişini qadağan edən razılaşma elan edib. Valideynlər xüsusi qiymətləndirmədən sonra 13 yaşdan etibarən uşaqlarına giriş icazəsi verə biləcəklər. Qadağanın necə tətbiq olunacağı hələlik dəqiq deyil.
Rəqəmsal işlər naziri Karoline Stage bildirib ki, Danimarkada 13 yaşdan kiçik uşaqların 94%-i sosial media hesabına sahibdir və onların yarıdan çoxu 10 yaşdan aşağıdır. O, uşaqların onlayn zorakılıq və özünə zərər kimi risklərə məruz qaldığını vurğulayaraq, texnologiya şirkətlərini uşaqların təhlükəsizliyinə kifayət qədər sərmayə qoymamaqda tənqid edib.
Bu təşəbbüs dekabrda Avstraliyada qəbul edilən və 16 yaşdan aşağı uşaqlar üçün sosial mediaya qadağa qoyan qanundan sonra irəli sürülüb. TikTok, Facebook, Instagram və digər platformalar bu qanunu pozduqları halda 50 milyon Avstraliya dollarına qədər cərimələnə bilərlər.
Eyni zamanda Almaniyada yaşı 16 -dan az olan yetkinlik yaşına çatmayanların sosial mediadan istifadə etməsi üçün valideyn razılığı olmalıdır. Braziliyada isə ibtidai və orta məktəblərdə mobil telefonlardan istifadəyə qadağa qoyulub. 2024-cü ildə Asiya və Avstraliyada 16 yaşından kiçik uşaqlara sosial mediaya girişi qadağan edən qanun layihəsi qəbul edilib. Hindistanda sosial media platformalarına daxil olmaq üçün heç bir yaş məhdudiyyəti yoxdur. 2023-cü il tarixli Rəqəmsal Fərdi Məlumatların Mühafizəsi Qanununa əsasən, 18 yaşından kiçik uşaqlar şəxsi məlumatlarının işlənməsi üçün "yoxlanılan valideyn razılığı" almalıdırlar. Cənubi Koreya qanunvericiliyində uşaqların sosial mediaya çıxışını məhdudlaşdıran heç bir hüquqi tənzimləmə yoxdur. Hökumət sosial media hesablarına giriş üçün 14 və ya 16 yaş məhdudiyyəti tətbiq etməyi düşünür.
- Azərbaycanda da müəyyən yaş qrupu üzrə uşaqlara yaş qadağası tətbiq olunmalıdırmı?
- Sosial mediaya erkən yaşda daxil olan uşaqlarda hansı psixoloji fəsadlar müşahidə oluna bilər?
- Cəmiyyətimiz şüurlu istifadə edə bilirmi?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına “Neuro Academy” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Nuriyyə Quliyeva bildirib ki, azyaşlılar və yeniyetmələrdə dərsə marağın azalması, çatışmazlığı və mənfi davranışlara meyl halları getdikcə daha çox müşahidə olunur: “Düşünürəm ki, mütləq sosial mediaya bir yaş məhdudiyyəti qoyulmalıdır. Mən azyaşlı, yeniyetmə və həmçinin yetkin yaşında olan insanlarla da işləyirəm. Ümumilikdə, sosial medianın hamıya mənfi təsirləri var”.
Nuriyyə QuliyevaNuriyyə Quliyeva qeyd edib ki, sosial medianın müsbət tərəfləri də var: “Günümüzdə doğru istifadə edən şəxs üçün əlbəttə ki, müsbət məqamları vurğulamamaq mümkün deyil. Çünki biz sosial mediadan bir çox informasiyalardan xəbərdar ola bilirik. Doğru şəkildə istifadə edə bilirik və ya insanlar öz sosial media hesabında işləri ilə bağlı doğru addımlar ata bilirlər, tanıtımlar edə bilirlər.
Əlbəttə ki, bu baxımdan sosial medianın müsbət tərəfləri də danılmazdır. Amma doğru istifadə olunmadıqda fəsadları daha çox olur. Xüsusilə, azyaşlılar və yeniyetmələrdə dərsə marağın azalması, diqqət çatışmazlığı və mənfi davranışlara meyl halları getdikcə daha çox müşahidə olunur. Bu vəziyyətin əsas səbəblərindən biri sosial mediada bloger və ya fenomenlərin öz həyatlarını mükəmməl və ideal şəkildə təqdim etmələridir. Yeniyetmələr bu obrazların təsiri altına düşərək real həyatdan uzaq gözləntilər formalaşdırırlar. Nəticədə, valideynlərindən daha çox maddi şeylər tələb edir, məsələn: “bu telefonun yeni modeli çıxıb, digərlərində var, siz niyə mənə almırsınız? Məni hər şeydən məhrum edirsiniz!” - kimi şikayətlər artır. Bu da ailə münasibətlərində gərginlik və valideynlərə qarşı etirazların yaranmasına səbəb olur. Bəzən blogerlər və uşaq yutuberlər, istər TikTok-da, istər Instagram-da, istərsə də YouTube-da, uşaqların yaşına uyğun olmayan tərzdə geyim, makiyaj, ad günü qeyd etmə və digər davranışlar nümayiş etdirirlər. Bu məzmunlar uşaqlara təsir edir. Uşaq sual verir: “Niyə mənə müdaxilə edirsiniz? Mənim sərbəst hüquqlarım var”. Bu da valideynlə münasibətlərə mənfi təsir göstərir.
Eyni zamanda sosial mediada tanışlıqlar da baş verir. Çünki orada insanlar özlərini gerçəkdən fərqli, daha ideal göstərməyə çalışırlar - istər görünüş, istər maddi vəziyyət, istər yaş baxımından. Bu da yeniyetmələrin təsir altına düşməsinə səbəb olur. Bəzən şəxsi fotolarını paylaşırlar və qarşı tərəf bu fotolardan istifadə edərək onları hədə-qorxu ilə üz-üzə qoyur.
Sosial media həmçinin yeniyetmələrin dərs, dostluq və davranışlarına da mənfi təsir göstərir. Diqqət və yaddaş zəifləyir, eləcə də təsir altına düşərək mənfi davranışlara meyllilik artır”.
Günel Həsənova, Bizimyol.info






