Gələn ildən elektrik mühərrikli avtomobillər əlavə dəyər vergisinə (ƏDV) cəlb ediləcək. APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib. Şahin Bağırov bildirib ki, gömrük xətti ilə daxilolmalar adətən idxal əməliyyatlar ilə başa gəlir: “İdxal zamanı gömrük tarifləri tətbiq edilir. Bizim büdcə daxilolmaları əsasən ƏDV-dən formalaşır. Elektomobillər ƏDV-yə cəlb ediləcək. Bu güzəşt ləğv edilsə də, 5 ildən artıq müddətdir ki, tətbiq edilirdi. 2025-ci ilin ilk 10 ayı ərzində ölkəyə 1760 elektromobil idxal edilib. Bu, çox azdır. Çünki 2024-cü ildə bu, 3027 ədəd olub. Bu onu göstərir ki, cəmiyyətin elektromobillərə marağı azalır. ƏDV-nin tətbiqi yerli elektrik avtomobil istehsalına bu və ya digər formada müsbət təsir edəcək”.
- Ölkə əhalisi yerli avtomobilə nə qədər maraq göstərəcək?
- Ölkədə yerli avtomobil istehsalı üçün maddi-texniki potensial varmı?
- Yerli avtomobil istehsalı nə dərəcədə sərfəli və gəlirli olacaq?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında iqtisadçı Rəşad Həsənov belə sərt qərarların qəbul edilməsini və aqressiv nəticələrin əldə edilməsi doğru hesab etmədiyini bildirib.
Rəşad Həsənov“Qərarı doğru hesab etmirəm, çünki nəticəyə gəlmək üçün tez olduğunu düşünürəm. Qısamüddətli dövrdə belə sərt qərarların qəbul edilməsi və aqressiv nəticələrin əldə edilməsi doğru deyil. Azərbaycanda hələlik elektrik mühərrikli avtomobillərin saxlanılması, istifadəsi, mühiti, ekosistemi tam formalaşmayıb. Bu da istifadəçiləri müəyyən qədər çəkindirən faktor olsa belə, amma artıq bu proses başlayıb və bu istiqamətdə işlər davam edir. Ekosistemin artıq ilkin təməllərini biz görməkdəyik. Təmir-bərpa hissələrin gətirilməsi, yaxud şarj aparatlarının quraşdırılması və ya avadanlıqların satışının təşkili və s. Burda təbii ki, özü-özlüyündə növbəti dövrdə bu növ avtomobillərə tələbin daha da genişlənəcəyinə gətirib çıxara bilər. Qısamüddətli dövrdə nəticələr müxtəlif faktorlar fonunda formalaşa bilər. Məsələn; bu avtomobillərin distributorlarının ehtiyatlarının müəyyən dövrdə daha çox olması, maliyyə sıxıntıları, yaxud da istehlakçı davranışının müxtəlif digər faktorları buna təsir göstərə bilər. Ona görə də düşünürəm ki, bu qərar doğru qərar deyil.
Azərbaycanda “yaşıl iqtisadiyyat”a keçid nəqliyyat sektorunun transformasiyası və xüsusilə atmosferin ağır çirkləndiyi şəhərlərdən biri kimi Bakı və onun ətrafı bu istiqamətdə ən pis göstəricilərə malikdir. Nəticənin əldə edilməsi məqsədilə, elektron mühərrikli avtomobillərə ƏDV-nin tətbiqi məsələsində güzəştlər davam etdirilməlidir. Yerli bazara təsirindən danışsaq, düşünmürəm ki, burda ciddi nəticələr əldə olunsun. Onsuz da istehlakçı elektron mühərrikli avtomobillərin sınaq müddətinin az olması səbəbindən bu avtomobillərə nisbətən daha ehtiyatla yanaşır. Xüsusilə bu avtomobillər Azərbaycanda istehsal olunacaqsa, bu avtomobillərin alışına düşünürəm ki, ciddi maraq göstərilməyəcək. Çünki müvafiq istiqamətdə uğurlu təcrübəsi çox deyil. Bu kimi təşəbbüslər bir çox hallarda uğursuz olub. Yerli istehsal olunmuş avtomobillərə istehlakçıların bu fonda ciddi maraq göstərəcəyi və sənayenin bu istiqamətdə inkişaf edəcəyi və sair indiki şərtlər daxilində və ekosistemdə yalnız xəyal ola bilər. Buna görə də, yanaşma doğru deyil. Ən qısa müddətdə parlamentdə müzakirələr mərhələsində bu güzəştin ləğv edilməsi məsələsinə aydınlıq gətirilməlidir. Güzəşt qüvvədə saxlanılmalıdır və həmçinin burda müəyyən mənada əslində qarşıya qoyulmuş hədəflərin də aydınlaşdırılmasına ehtiyac var.
Qarşıya qoyulmuş hədəf bu məsələdə avtoparkın ekosistemə daha az zərərli mühərrikli avtomobillərlə yenilənməsi məsələsi olmalıdır, nəinki yerli istehsalın dəstəklənməsi. Çünki bu indiki halda daha az ehtimal olunan və yəni özünü doğrultma proqnozu “0” (sıfır) səviyyəsində olan bir məsələdir”,- deyə Rəşad Həsənov qeyd edib.
Günel Həsənova, Bizimyol.info






