Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belqorodda partlayışlar və yanğın: işıq və su təchizatında fasilələr yaranıb
Belqorodda partlayışlar və yanğın: işıq və su təchizatında fasilələr yaranıb

3 iyul səhər saatlarında Rusiyanın Belqorod şəhərində partlayış səsləri eşidilib. Hadisədən sonra şəhərdə elektrik enerjisi və su təchizatında fasilələrin yarandığı barədə məlumatlar yayılıb. Bundan əvvəl bölgədə raket təhlükəsi elan olunmuşdu.

Bizimyol.info xəbər verir ki, “Exilenova+” adlı informasiya resursunun məlumatına görə, şəhərdə “zərbələr” qeydə alınıb. Yerli sakinlər şəhərdə işığın və suyun kəsilməsindən şikayətləniblər. Sosial şəbəkələrdə güclü yanğın görüntüləri də paylaşılıb.

Eyni zamanda, “Supernova+” Teleqram kanalı Belqoroddakı “Enerqomaş” zavodunun hədəf alındığını iddia edib. Mənbələrin verdiyi məlumata görə, bu müəssisə istilik və atom elektrik stansiyaları üçün avadanlıq, eləcə də neft-qaz sənayesi və sənaye tikintisi üçün məhsullar istehsal edir.

Rusiya tərəfinə yaxın media orqanları da regionda baş verən hücumu, həmçinin elektrik və su təchizatındakı problemləri təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl – 2 iyul gecəsi dronlar Nijni Novqorod vilayətinin Kstovo şəhərində yerləşən “Lukoyl-Nijneqorodneftorgsintez” neft emalı zavoduna zərbə endirmişdi. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, obyektə zərbə nəticəsində yanğın baş verib və ilkin emal qurğusunun zədələndiyi bildirilir.

Daha əvvəl isə Ukrayna Prezidenti Vladimir Zelenski Ufada yerləşən və cəbhə xəttindən təxminən 1300 kilometr uzaqda olan neft emalı zavodunun vurulduğunu açıqlamışdı. O həmçinin Penza vilayətində Rusiya hərbi-sənaye kompleksinə aid strateji obyektə zərbə endirildiyini bildirmişdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »