Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Kiyevə ballistik raketlərlə zərbə endirib: yaralıların sayı artır...
Rusiya Kiyevə ballistik raketlərlə zərbə endirib: yaralıların sayı artır...

Bu gün səhər saatlarında Rusiya ordusu Kiyevə ballistik raket hücumu həyata keçirib. Şəhərdə bir-birinin ardınca bir neçə güclü partlayış baş verib, nəticədə paytaxtın Darnitsa və Desnyanski rayonlarında genişmiqyaslı yanğınlar qeydə alınıb. İlkin məlumata görə, 8 nəfər yaralanıb, onlardan 3-ü xəstəxanaya yerləşdirilib.

Bizimyol.info xəbər verir ki, Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko açıqlamasında bildirib ki, hücum nəticəsində şəhərin sol sahil hissəsində bir neçə obyekt yanıb.

“İlkin məlumatlara əsasən, Darnitsa və Desnyanski rayonlarında yanğınlar müşahidə olunur. Hadisə yerlərində xilasetmə və yanğınsöndürmə qüvvələri çalışır”, - deyə o bildirib.

Kiyev meri Vitali Kliçko da hücumla bağlı məlumat paylaşaraq bildirib ki, Darnitsa rayonunda yaşayış binalarının pəncərələri sınıb, bir sıra qeyri-yaşayış obyektlərində isə güclü yanğınlar baş verib.

Kliçko səhər saat 05:00 radələrində açıqlamasında: “Hazırda paytaxtda 8 nəfər xəsarət alıb. Desnyanski və Darnitsa rayonlarında qeyri-yaşayış binalarında böyük yanğınlar davam edir”, - deyə qeyd edib.

Raket hücumu öncəsi, saat 03:51-də Kiyevdə hava həyəcanı elan olunub. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri həmin vaxt “şimal-şərq istiqamətindən ballistik silahların istifadəsi təhlükəsi” barədə xəbərdarlıq edib. Cəmi üç dəqiqə sonra — 03:54-də — paytaxtda bir neçə güclü partlayış eşidilib.

Timur Tkaçenko bildirib ki, hücum zamanı hava hücumundan müdafiə sistemləri aktivləşdirilib və şəhər üzərində raketlərin qarşısını almaq üçün əməliyyatlar aparılır.

Xatırladaq ki, 22 oktyabr gecəsi də Kiyevdə oxşar hücumlar qeydə alınmışdı. Həmin vaxt Rusiya ordusu paytaxtı dronlar və qanadlı raketlərlə atəşə tutmuş, nəticədə 2 nəfər həlak olmuş, 5-i uşaq olmaqla 21 nəfər yaralanmışdı.

Hazırda Ukrayna rəsmiləri Kiyevə endirilən son raket zərbələrinin nəticələrini dəqiqləşdirir, yanğınların söndürülməsi və dağıntıların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »