Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arif sənətkarın xoşbəxt ölümü
Arif sənətkarın xoşbəxt ölümü
Sokrat demişdi: "Bu həyatı elə yaşa ki, həyatın bitəndə özünü alqışlaya biləsən".

Bu gün səhər saat 6-da dünyadan köçən neçə insan son nəfəsində özünü alqışladı, görəsən?! Bunu bilmirəm. Ancaq bu gün səhər saat 6-da dünyadan köçən bir nəfəri alqışladıq. Alqış səsləri hələ də kəsilməyib.

Muğam ustası Arif Babayev öz sənətinin ustadı idi. Bilirsiniz, "xalq artisti" ona verilən fəxri addır. Ancaq fəxr edəcəyi ən uca ad özünün adıdır. Ustad ünvanını heç kimə qıraqdan bağışlamırlar, insan özü onu qazanır. Arif Babayev kimi.

Bəli, Arif Babayev muğam sənətinin, klassik musiqi ifaçılığının professoru idi; özündən də məşhur tələbələri var. İnsana - Ustada daha nə lazımdır?!

Arif Babayev xoşbəxt yaşadı, arxayın getdi. Həyatda və Sənətdə bütün uğurlarını qazandı. "Şərəf" ordeni də var, "Şöhrət" ordeni də. Ancaq insanın özünün şərəflə yaşayıb, şöhrətin zirvəsində getməsi çox önəmlidir. Arif Babayevə dövlət hər cür təminat, hər səviyyədə mükafat vermişdi. Ancaq ona verilən ən yüksək mükafat Ağdam oldu. Adam ölümünə az qalmış Şuşada əlinə qaval alıb oxumuşdu.

Bəli, səsi işləmirdi, nəfəsi çatmırdı, tez-tez pərdədən çıxırdı, xaric boğazlar eləmişdi. "Bu yaşda bu cür gərək oxumayaydı" deyənlər də var idi. Ancaq Arif Babayevin Şuşadakı o oxumağı bir ayrı oxumaq idi. Əhdə çatdığını, arzusunun çin olduğunu hayqırırdı. Nə fərqi var, səsi yerindəydi, ya yox?! Qanuna və ənənəyə görə rəsmi törənlərdə dövlət himnini oxuyuruq. Yəni istəsək, oxuyuruq. Hamı eyni dərəcədə məharətlə və məlahətlə oxuyur himni?! Yox. Əsas olan dövlətə sayğı ifadəsi olaraq o himni oxumaq, yaxud farağat durub dinləməkdir. Arif Babayevin Şuşada oxumağını da bir himnin ifası kimi düşünək. Ya da Şuşaya, Qarabağa, ölkəyə, bu dünyaya vida kimi qəbul edək. Qu quşunun son nəğməsi kimi.

Arif Babayevin ölümü xoşbəxt ölüm idi; Qarabağı, Ağdamı azad görə bildi, gedib, o torpaqlarda gəzə bildi, havasını uddu, suyunu içdi, gözü dolusu gözəlliklərə baxdı.

Amma İslam Rzayev görmədi öz kəndini, elini. Səxavət də ki lap erkən köçmüşdü dünyadan. Cıdır düzünə təkrar qalxıb, orda bircə ağız "Mənsuriyyə" demək Yaqub Məmmədova nəsib olmadı; adama heç "xalq artisti" adını da qıymadıq. Dövlətdəm qoşa-qoşa ev almamışdı, saraylarda yaşamırdı, ömrünü Yasamalda, iki otaqlı Xruşşov tipli darısqal mənzildə başa vurdu. Eləcə də, Qəndab Quliyeva, Sara Qədimova və başqaları. Süleyman Abdullayev, doğrudur, Qarabağ azad olunanda hələ həyatdaydı, amma nə dövlət sayğısı gördü, nə dövlət qayğısı gördü. Buna haqqı da ola-ola.

Ona görə deyirəm, Arif Babayevin ölümü xoşbəxt ölümdür. Həyatını alqış sədaları altında yaşadı, alqış sədaları altında getdi. Onu millət də sevdi, dövlət də saydı. Bir insanın, Sənətkarın bundan ötə bəxtəvərliyini təsəvvür etmirəm. Kaş hər kəsə belə xoşbəxt son nəsib ola.

Arif Babayev xanəndəlik sənətinin zirvələrindən biridir; hardan baxsan, görünür. Yeri görünəcəkmi?! Şübhəsiz! Həyatda, Sənətdə öz yeri olan, yerində olan insanların yeri həmişə görünür. Çünki bu dünyada hər kəs öz yerini özü tutur. Özü gedəndə yerində boşluq qalır. Başqası bəlkə sənətdə, şan-şöhrətdə gəlib, onu keçər. Amma heç kim Arif Babayev ola bilməyəcək. O özü öz ustadlarından da çox yaşadı, çox oxudu, çox qazandı. Amma onların yerini deyil, öz hücrəsini aldı. Bu da bir başqa bəxtvərlikdir.

Bir sözlə, Arif Babayev bizdən ayrılıb arxayın getdi. Gözü Ağdamın yolunda qalmadı. Ancaq sənəti, səsi, ifası, xatirəsi yaddaşlarda qaldı, qalacaq.

Bu gün səhər həyatının son zənguləsini vurub, ömrə son ayaq elədi, tamaşaçılarına, dinləyicilərinə baş əyib, dünyanın qapısından çıxıb getdi Arif Babayev.

Həyatınız mübarək idi, Ölümünüz də mübarəkdir, böyük Sənətkar! Allah məkanınızı cənnət eləsin! Unudulmayacaqsınız!

yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info
Son xəbərlər
Bütün xəbərlər »