Hazırda Kürdəxanı yolunda təmir-bərpa işləri aparılır. Məlumata görə, bir müddətdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Bakının Kürdəxanı qəsəbəsində yeni yol qovşağı inşa edir. Yeni yol qovşağı layihənin 1,8-ci km-lik hissəsində inşa edilir. Qovşaq 1 yol ötürücüsündən və 4 qoldan ibarətdir. Hazırda həmin ərazidə sıxlıq yaşansa da, yaxın günlərdə yeni yol istifadəçilərin ixtiyarına veriləcək.
Qeyd edək ki, bir neçə ay öncə Pirşağı yolunda köklü dəyişiklik baş verdi. Yola işıqfor qoyuldu və Pirşağıya dönüş istiqaməti dəyişdirilərək, məsafə xeyli artırıldı. Bu, Böyükşor yolunun istifadəyə verilməsi ilə baş verdi. Düzdür, hazırda Pirşağıda şəhərə olan məsafə azalıb, daha rahat və tıxac olmadan Böyükşor yolu ilə Ziya Bünyadov prospektinə çıxış asanlaşıb. Görünən odur ki, bir neçə ilə Pirşağı kəndi, sözün əsl mənasında turizm üçün önəmli hesab edilən ərazilərdən birinə çevriləcək.
Hazırda Pirşağıda torpağın bir sotunun qiyməti 8-10 min manatdan başlayır. Kəndə gələn yolların bərpası və yenidən qurulmasından sonra bu qiymətin daha da bahalaşacağı istisna edilmir.
İradə Cəlil, Bizimyol.info






