ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən İlon Mask ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) informasiya texnologiyaları infrastrukturunu modernləşdirmək üçün "Starlink" terminallarından istifadə etmək istəyir.
Bizimyol.info xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.
"Starlink" qlobal peyk rabitə sistemi layihəsi Maska məxsus "SpaceX" şirkəti tərəfindən hazırlanıb. "Bloomberg" yazır ki, bu vəziyyət onun DOGE-dəki fəaliyyəti ilə öz biznes layihələrindəki işi arasında maraqların toqquşması ilə bağlı suallar doğurur. Bundan əlavə, 2023-cü ildə FAA artıq agentliyin kritik infrastrukturunun təkmilləşdirilməsi ilə məşğul olan Amerika telekommunikasiya şirkəti "Verizon Communications" ilə 2 milyard dollarlıq müqavilə imzalayıb.
Bununla belə, nəşrin məlumatına görə, Mask bir il ərzində həyata keçirməyi planlaşdırdığı təşəbbüsü üçün 4000 "Starlink" terminalının ayrılmasını artıq təsdiqləyib. Agentliyin mənbələrinin qeyd etdiyi kimi, "Starlink"dən istifadənin "Verizon Communications" ilə mövcud müqavilələrə necə təsir edəcəyi hələ aydın deyil.
Qadir, Bizimyol.info






