Kosmik gəminin nasazlığı səbəbindən təxminən 4 aydır kosmos stansiyasında qapalı qalan astronavtlar Yerə qayıdacaqları günü gözləyirlər. Kosmik gəmidə helium sızması aşkar edilən astronavtlar 2025-ci ilin fevralında Yerə gətiriləcəklər.
Bizimyol.info xəbər verir ki, Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) astronavtlarını daşıyan və texniki nasazlıqlar səbəbindən iyunun əvvəlindən Beynəlxalq Kosmik Stansiyada (BKS) gözləyən “Boeing”in “Starliner” kapsulu sentyabrın əvvəlində ekipajsız Yerə qayıdıb.
Zədələnmiş kosmik gəmi sərnişinsiz Yerə qayıtdıqdan sonra bütün gözlər BKS-də qapalı qalan iki astronavta çevrilib.
“AA” Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarı ilə hər il oktyabrın 4-10-da qeyd olunan “Dünya Kosmos Həftəsi” üçün “Starliner” gəmisinin buraxılışından tutmuş astronavtların kosmos stansiyasında qapalı qalmasına qədər olan prosesi tərtib edib.
Son dəqiqələrdə yaranan problemlər “Starliner” gəmisinin ekipaj tərəfindən ilk buraxılış cəhdinin iki dəfə təxirə salınmasına səbəb oldu.
May ayında BKS-ə keçirilməsi planlaşdırılan kosmos uçuşu sınağı zamanı aşkar edilən klapan nasazlığı səbəbiylə təxirə salındığı halda, iyunun əvvəllərindəki sınaq geri sayım zamanı kompüter sistemində yaranan texniki problem səbəbindən dayandırılmışdı.
Problemlərdən sonra “Boeing” iyunun 5-də NASA astronavtları Butch Vilmore və Suni Uilliamsı daşıyan “Starliner” gəmisini kosmosa göndərməyə nail olub. Florida ştatındakı Kanaveral burnundan kosmosa buraxılan astronavtların BKS-də təxminən 1 həftə qalması planlaşdırılırdı.
NASA-nın “Starliner” gəmisinin BKS-yə yanaşmasından dərhal sonra verdiyi açıqlamada, kosmik gəmidə 5 helium sızmasının aşkar edildiyi bildirilib. Açıqlamada sızmalardan birinin uçuşdan əvvəl, digərlərinin isə uçuş zamanı ortaya çıxdığı, sızmanın mənbəyi olan helium klapanlarının bağlandığı və kosmik gəminin stabil vəziyyətdə olduğu bildirilib.
Normalda iyunun ikinci həftəsində həyata keçirilməsi planlaşdırılan Yerə dönüş uçuşu, kosmik gəmidə aşkar edilən helium sızması və gözlənilmədən fəaliyyətini dayandırması səbəbindən bir neçə dəfə təxirə salınıb.
Komandanın Yerə qayıtması üçün ən erkən tarix əvvəlcə 18 iyun olaraq təyin edilsə də, sonrakı açıqlamalarda tarixlər 22 iyun, 26 iyun və 2 iyul olaraq dəyişdirildi.
NASA və “Boeing” səlahiyyətliləri iyul ayında keçirdikləri mətbuat konfransında həftələrdir kosmik gəmidəki problemləri anlamaq üçün nasazlıqların aradan qaldırılması səyləri və sınaqlar apardıqlarını və bu səbəbdən onların geri qayıtma tarixlərinin təxirə salındığını bildirmişdilər.
Texniki nasazlıqlar nəticəsində iyunun 5-dən BKS-də gözləyən “Starliner” şatl sentyabrın əvvəlində avtopilot rejimində və ekipajsız, təxminən 6 saat davam edən səyahətdən sonra kosmik gəmi Yerə enib.
NASA-dan verilən açıqlamada “SpaceX”in “Crew-9” missiyası çərçivəsində sentyabrın 28-də kosmosa atılan “Dragon” kapsulunun kosmosda qapalı qalan 2 astronavtı Yerə gətirəcəyi bildirilib. Açıqlamada qeyd olunub ki, 5 ay davam etməsi planlaşdırılan “Crew-9” missiyası tamamlandıqdan sonra kosmos stansiyasında gözləyən 2 astronavt missiyada vəzifə yerinə yetirən digər astronavtlarla birlikdə 2025-ci ilin fevral ayında Yerə qayıdacaq.
Beləliklə, Vilmore və Uilliams üçün təxminən 1 həftə davam etməsi nəzərdə tutulan sınaq uçuşu 8 ay sürəcək.
Qadir, Bizimyol.info






