Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur bloger Azərbaycana səfəri barədə: "Bir-birinə yaxın məscid, kilsə və sinaqoq görmək mümkündür"
Məşhur bloger Azərbaycana səfəri barədə: "Bir-birinə yaxın məscid, kilsə və sinaqoq görmək mümkündür"

Dünyanı gəzərək maraqlı videolar paylaşan amerikalı bloger Nas Deyli avqustda Azərbaycana gəmişdi. İsraildə fələstinli ailədə doğulan internet fenomeni ABŞ-a təhsil üçün gedəndən sonra həyatı dəyişmişdi. O, Harvard Universitetini bitirərək məşhur ödəmə sistemi “Venmo”da işləməyə imkan tapmış, amma günlərin birində hər şeyi ataraq dünyanı gəzmək qərarı vermişdi.

Bizimyol.info xəbər verir ki, əsl ad-soyadı Nuseyr Yasin olan bloger Bakıya avqustun 15-də qədəm qoymuşdu. Fenomen konkret görüş yeri, vaxt təyin etmişdi. Nas Deyli bir aydan çox vaxt keçəndən sonra Azərbaycan barədə video paylaşıb.

ABŞ-da yaşayan videobloger çəkilişi yəhudi qadın dostu ilə aparıb və müsəlman olduğunu xüsusi qeyd edib. Nas Deyli Azərbaycanı həm müsəlmanları, həm də yəhudiləri sevməsi ilə fərqləndirib. Bloger videonun əvvəlində deyir ki, Azərbaycan Rusiya, İran və İraqa yaxın yerləşir. Yəni ölkə münaqişələrlə əhatələnib.

Videoda bildirilir ki, Azərbaycanda 30 min yəhudi, 10 milyon civarında müsəlman yaşayır. Əlbəttə, rəqəmlər dəqiq deyil. Amma blogerlər belə məlumat təqdim ediblər. Burada Qubadakı Qırmızı qəsəbədən danışılır. Nas Deyli deyir ki, Azərbaycanda bir-birinə yaxın məscid, kilsə və sinaqoq görmək mümkündür. Onu şiə və sünnilərin eyni məsciddə ibadət edə bilməsi də təəccübləndirib.

Ayla adlı qızdan müsahibə götürülüb. O, anasının yəhudi, atasının müsəlman olduğunu deyir. Ayla belə ailədə yaşamağın çətin görünməsinə baxmayaraq, artıq tolerantlığın canına hopduğunu dilə gətirir.

Nas Deyli Azərbaycanın İpək Yolunun üzərində olduğunu xatırladır. Onun fikrincə, min illərin ənənəsi özünü göstərir.

Ümumiyyətlə, bloger Azərbaycan haqda yalnız xoş sözlər deyir. Nuseyr Yasin həm də sülh mesajlarını bir-birinin ardınca düzür.

Nas Deylinin “Youtube” kanalında izləyici sayı isə 14 milyon nəfərə çatır. Onun videolarına baxış sayı 8 milyarda yaxınlaşır. Azərbaycanlılar Nas Deylinin videolarına həmişə müsbət rəylər yazırlar.

Nuseyr Yasin hələ də İsrail vətəndaşıdır. Amma 2022-ci ildə Sent-Kits və Nevis vətəndaşlığı almağı bacarıb. Malayziya onu İsrail vətəndaşı kimi ölkəyə buraxmaq istəmədiyindən, viodebloger fərqli üsula əl atmalı olub. Beləcə, Nas Deyli Malayziyaya ayaq basa bilib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »