Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Transmilli qaçaq, "yazıq" milyarder, Pavel Durov - "Mağdurov"
Transmilli qaçaq, "yazıq" milyarder, Pavel Durov - "Mağdurov"

Telegram platformasının qurucusu Pavel Durovu 20 il həbs cəzası gözləyir. Əlbəttə, əgər Fransada ona qarşı irəli sürülmüş 12 ittihamın hamısı təsdiqini tapsa, sübuta yetirilsə. Bu baş verməsə, doxsan altı saatın sonunda, yəni avqustun 28-də Fransa hüquq-mühafizə orqanları onu sərbəst buraxmağa məcbur olacaq.

Prezident Putinin mətbuat katibi Dmitri Peskov deyir, Rusiya Durovu müdafiə edəcək, çünki Rusiya vətəndaşıdır, müdafiə edə bilməyəcək, çünki həm də Fransa vətəndaşıdır. Belə çıxır ki, Fransa öz vətəndaşını ən informasiyalı Rusiya vətəndaşı olduğu üçün həbs edib. Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkini də elə bu məsələ narahat edir. Jurnalistlərin: "Durovda Rusiyaya dair həssas informasiyalar varsa, bunu fransızlara verə bilərmi?" sualına "həssas informasiyalar"ın sahibi Narışkin belə cavab verib: "Ümid edirəm, o, bunu etməz". Cənab Narışkinin idarəsi əslində "ümid"lərlə deyil, faktlarla, informasiyalarla işləyən orqandır. Adı üstündə: kəşfiyyat! Ancaq rus kəşfiyyatının rəhbərinin ümidi də fakta əsaslanır: həmin o Durov həmin həssas informasiyaları həmin o Narışkinin başında durduğu Rusiya kəşfiyyatı ilə bölüşməkdən imtina etmişdi. Amma iddia olunur ki, Pavel Durovum avqustun 18-19-da Azərbaycanda peyda olması təkcə bloger dostu Hüseyn Həsənovla və rəfiqəsi Yuliya Vavilova ilə birlikdə Göygölə, Maralgölə tamaşa etməklə bağlı deyilmiş. Media resurslarında yayılan məlumatlara görə, Durov Bakıda prezident Putinlə görüşmək istəyib. Bəlkə də "həssas informasiyaları" Rusiyanın başında duran kəşfiyyatçı ilə bölüşmək istəyirmiş! Bu informasiyalar Qərbin Rusiyaya dair planları haqda ola bilərdimi?! Bəs məsələ belə həssas idisə, Kremlin dəyişməz sahibi niyə Durovla görüşməkdən imtina etdi?!

Bəlkə də Fransa kəşfiyyatı özünü inandırıb ki, Rusiya hakimiyyətinin Durovla ən yüksək səviyyədə ünsiyyətdən imtina etməsi aldadıcı manevrdir. Düşünə bilərlər ki, görüşdən imtina olunsa da, informasiya mübadiləsi, daha doğrusu, Rusiya haqqında olan və ya Rusiyaya lazım olan məlumatların ötürülməsi hər bir halda baş tutub. Durov Bakıdan Parisə qayıdan kimi qandallanıb; başqa kontaktlara imkan verilməyib və indi Fransa prokurorluğu ona elə Narışkinin narahatlığına səbəb olan suallar verir. ABŞ və Avropa kəşfiyyatlarının hazırladığı istintaq sualları arasında, təbii ki, bunlar da var: "Azərbaycana niyə getmişdiniz?", "Prezident Putinlə niyə görüşmək istəmişdiniz?", "Kimlərlə və nə məqsədlə görüşdünüz, hansı informasiyaları bölüşdünüz?" və sair.

Bu, sıradan bir şübhəlinin sıradan bir həbsi deyil, tarixi hadisədir. Belə olmasaydı, Fransa prezidenti Emmanuel Makron özü bu həbsə şərh verməzdi. Makron deyib ki, Durovun həbsi fikir, məlumat azadlığının boğulması ilə bağlı deyil, o, konkret cinayət ittihamları ilə saxlanılıb. Azərbaycanda jurnalist və ya bloger həbs olunanda, ölkə rəsmiləri də eynən belə deyir: konkret cinayətə görə tutulub. Azərbaycan, elə Rusiya bunu deyəndə, "Avroatlantika məkanı" buna inanmır. O cümlədən, Fransa inanmır. Ancaq indi Fransa özü deyir: "Pavel Durov cinayət ittihamlarına görə tutulub". Kuryoz kimi alınır. Ancaq bununla da bitmir; Fransa prokurorlarının Durova qarşı tərtib etdiyi 12 ittihamdan biri belədir: "Fransa hökuməti ilə əməkdaşlıq etmədiyinə görə..." Azərbaycanın qanunvericiliyində belə bir şey var?! Yox. Azərbaycanda hökumətlə əməkdaşlıq edəni müxalifət "xəyanət"də günahlandırır, Fransada hökumətlə əməkdaşlıq etməyəni hökumət cinayətdə ittiham edir. Həm də söhbət informasiya resursundan, sosial şəbəkə platformasından gedir. Üstəlik, çox paradoksal situasiya yaranıb: Rusiya və İran kimi hökumətlər Fransa hakimiyyətini söz, fikir, məlumat azadlığını pozmaqda günahlandırır. Rusiya rəsmilərinin bəyanatlarını xatırlatdıq; Fransanı qınayırlar, Durova çıxış əldə etmək istəyirlər. Kremldən deyildi: "Ümidvarıq, öz müdafiəsini təşkil edə bilir". Yəni lazımdırsa, vəkil verək. Vəkil vermək isə Kremlə Durovun ifadələrinə nəzarət üçün gərəklidir. Bu, Rusiya. İrana gəlincə, Tehranda daha maraqlı fikirlər səsləndi. İranın Ali Dini Lideri Ayətüllah Seyid Əli Xameneyi Nazirlər Kabinetinin iclasında belə deyib: "Kiberməkan hər yerdə idarə olunur. Siz gördünüz, Fransada bu yazıq cavan oğlanı tutublar və 20 il həbs cəzası ilə hədələyirlər. Burdan görünür ki, onlar qaydaları pozublar".

Burdan o da görünür ki, Durovun həbsindən harda, kim və niyə narahatdır. ABŞ, məsələn, çox da narahat deyil; hər halda ciddi bir rahatsızlığı hiss olunmadı. Çünki Fransanın Durovdan almaq istədiyi hər nədirsə, o "hər nə" ABŞ-a da lazımdır.

Bəli, hazırda Fransa hökuməti Durovu hökumətlə əməkdaşlığa məcbur etmək istəyir; buna görə həbs edib. Xameneyinin ifadəsi ilə desək, o "yazıq" milyarder - "cavan oğlan" hazırda Parisdə türmə küncündə ən azı 20 hökumətin istintaqı altındadır. Çünki 20 hökumətlə eyni səbəbdən problemi var. Onların çoxu Avropa ölkələrinin hökumətləridir. Təbii ki, Okeanın o tayındakıların da öz sualları var. "Vikiliks" olayındakı kimi. İndi Pavel Durov da bu 20 hökumətin özləri və düşmənləri haqqında (əlbəttə, ayrıca Rusiya barədə) "həssas" suallarına cavab vermək zorundadır. Görünən odur ki, Durov birləşmiş istintaqa "lazım olan" cavabları verməsə, bu 20 hökumət onu Fransa adından 20 il həbsə məhkum edəcək. Əgər ittihamları sübuta yetirə bilsələr.

Əslində Durov onlara günahkar kimi deyil, günahsız qismində daha çox faydalıdır. Əlbəttə, azadlıqsevər Fransa ədalət məhkəməsi rus əsilli milyarderin iradəsini qıra bilsə...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »