Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Həm meymun çiçəyi, həm də koronavirus epidemiyalarının arxasında viruslar dayanır"
"Həm meymun çiçəyi, həm də koronavirus epidemiyalarının arxasında viruslar dayanır"

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iki il ərzində ikinci dəfə meymun çiçəyi kimi tanınan mpox virusu ilə bağlı qlobal fövqəladə vəziyyət elan edib. Amma ÜST-nin Avropa direktoru Doktor Hans Kluge deyir ki, Mpox-a necə nəzarət ediləcəyi bəllidir. Hans Kluge bildirib ki, həm meymun çiçəyi, həm də koronavirus epidemiyalarının arxasında viruslar dayanır. Lakin bu viruslar müxtəlif yollarla yayılır və çox fərqli simptomlara səbəb olur.

Mpox yeni virus deyil. Əvvəllər meymun çiçəyi kimi tanınan mpox ilk dəfə 1958-ci ildə Danimarkada saxlanılan bəzi meymunlarda görülüb. İlk insan yoluxma hadisəsi 1970-ci ildə Konqo Demokratik Respublikasında qeydə alınıb. Bundan sonra Qərbi və Mərkəzi Afrikada epidemiyalar müşahidə olunmağa başlayıb. 2022-ci ildə virusla bağlı ilk qlobal fövqəladə vəziyyət elan edilənə qədər 70-dən çox ölkəyə yayılmışdı. Digər tərəfdən, 2019-cu ildə Çinin Uhan şəhərində ortaya çıxan və sürətlə qlobal epidemiyaya çevrilən Covid-19-un arxasında daha əvvəl insanlarda rast gəlinməyən SARS-Cov2 virusu dayanırdı.

Alimlərin fikrincə, biz mpox haqqında koronavirusun ilkin mərhələlərində Covid-19 haqqında bildiyimizdən daha çox şey bilirik.

Mpox Covid-19 qədər yoluxucu deyil. Hər iki xəstəlik yaxın təmas yolu ilə yayılsa da, Covid-19 tənəffüs yolu ilə ötürüldüyü üçün mpoxdan daha sürətli ötürülür.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Covid-19 yoluxmuş şəxsin öskürmə, asqırma, danışma, mahnı oxuma və ya nəfəs alması kimi hərəkətlər nəticəsində əmələ gələn kiçik damcıları tənəffüs yolu ilə keçir. Birinin mpox alması üçün yoluxmuş şəxslə çox yaxın və uzunmüddətli təmasda olmalıdır. Məsələn, dəri-dəriyə təmasda olmaq, sevişmək, yoluxmuş yataq dəstinə və ya paltara toxunmaq və üz-üzə görüşmək lazımdır.

ÜST-ün məlumatına görə, 2019-cu ilin dekabrından 2023-cü ilin avqustuna qədər bütün dünyada 760 milyondan çox Covid-19 hadisəsi qeydə alınıb. Bununla belə, mpox virusu yalnız iki ildən sonra dünyada 100 min hadisə həddini keçə bildi. Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri 2024-cü ildə 18,900 mpox hadisəsi və 600 ölüm hadisəsini qeyd etdi.

Qeyd edək ki, Covid-19 epidemiyası ilk başladığında, virusa qarşı peyvənd hazırlamaq üçün bir yarış başladı. Bununla belə, mpoxdan qoruyan vaksinlər artıq mövcuddur. Mpox 1980-ci ildə peyvəndlərin köməyi ilə bütün dünyada məhv edilmiş çiçək xəstəliyi ilə əlaqələndirilir. Çiçək xəstəliyindən qoruyan peyvəndlər xüsusilə 2022-ci ildə yayılan meymun çiçəyi variantından da qoruyur. Danimarkada yerləşən Bavarian Nordic biotexnologiya şirkəti 2022-ci ildə epidemiya zamanı 76-dan çox ölkəyə çiçək vaksininə əsaslanan "MVA-BN" peyvəndinin 15 milyon dozadan çoxunu tədarük edib.

Meymun çiçəyi koronavirusdan daha uzun müddət mutasiyaya uğrayır. Viruslar zamanla inkişaf edir, lakin bəziləri digərlərindən daha sürətli dəyişir. Mpox DNT virusu olduğu üçün RNT virusu olan Covid-19 ilə müqayisədə mutasiyaya daha çox vaxt lazımdır. Amerika Mikrobiologiya Cəmiyyətinin məlumatına görə, DNT virusları RNT virusları qədər mutasiyaya uğramır.

İndiyə qədər müəyyən edilmiş iki növ Mpox var: sinif 1 və sinif 2. Koronavirusa səbəb olan SARS-CoV2-nin 20-dən çox məlum növü var. Mövcud meymun çiçəyi epidemiyası əsasən "clade 1b" olaraq bilinən 1-ci sinif virusunun alt növündən qaynaqlanır.

Meymun çiçəyi epidemiyasında öülm və ya peyvənd tələbləri ehtimalı azdır. Bir çox insanlar, koronavirusun yayılması kimi, mpoxun da dünyanı dayandıracaq bağlanmalara səbəb olacağından narahatdırlar. Bununla belə, xəstəlik son iki ildə 16 Afrika ölkəsinə yayılsa da, səlahiyyətlilər sərhədlərin bağlanmasını tövsiyə etmir.

Azərbaycan Səhiyyə Nazirliyinin məlumatına görə, meymunçiçəyi çox nadir hallarda rast gəlinən zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir. Xəstəliyin inkubasiya dövrü 5-21 gün arasında dəyişə bilər. Xəstəlik adətən 2-4 həftə davam edir. Xəstəlik hərarət, şiddətli başağrı, limfa düyünlərinin böyüməsi iləözünü göstərir və sonradan səpgi dövrünə keçir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında görə, bu günə qədər TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində meymunçiçəyi xəstəliyinə yoluxma halına rast gəlinməyib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »