Göygölü sübh tezdən izləmək gözəldir. Sükut, səssizlik, ara-sıra quşların səsi… “Bu gözəlliyi görmək üçün qalmağa dəyər”-deyə düşünürəm. Səhər açılır, hava o qədər təmizdir ki… Narın şeh var, bir də səssizlik hökm sürür. Kəpəzi, Göygölü izləyə-izləyə çay içməyin ayrı bir ləzzəti var… Hava da bir az sərindir, sanki… Tam da isti çay havası… Bir azdan park açılacaq və insanlar gəlməyə başlayacaq, odur ki, səssizlikdən zövq almaq lazım o zamana qədər…
İnsanlar dedim, yadıma düşdü. Qəribə insanlarımız var: zibili hara gəldi atan, möhkəm danışan, ətrafındakı heç kimi düşünmədən az qala qışqıra-qışqıra gülən... Təsəvvür edin, səhər tezdən parkın əməkdaşları parkı gəzib tullantıları toplayırlar. Tullantılar nədir? İstifadə olunmuş salfetlər, su butulkaları, yedikləri çips və digər qidaların qutuları… Halbu ki, parkda onlarla urna var… Eh, kimə deyirsən? Nə isə, qanımızı qaraltmayaq. Axı göldə ürəyimizi açan quşlar, balaca ördəklər də var…
Parkın ərazisi təmiz saxlanılır. Məişət tullantılarına və yaxud mənzərəni poza biləcək heç bir yad obyektlə qarşılaşa bilməzsən…
Yadıma düşdü, Göygöl Milli Parkının direktoru Fuad Quliyevlə görüşməli idik. Fuad Quliyev ömrünün 25 ilini Göygöl Milli Parkına həsr edib desək, yanılmarıq. Sözün əsl mənasında addım-addım irəliləyib, öz zəhməti ilə... Və bu həyatda hələ də əziyyəti, çəkilən zəhməti dəyərləndirən insanların olması bizi sevindirir.
Fuad Quliyevlə görüşürük. Deyir ki, hazırda Göygöl Mili Parkında təbiətin mühafizəsi ilə elmi işlərin aparılması ilə yanaşı turizm fəaliyyətləri də göstərilməkdədir. Belə ki, Göygöl Mili Parkında hazırda 10 fərqli istiqamətlərdə ekoturizm marşrutları təyin edilib. Dağlarda və yüksək ərazilərdə olan gözəllikləri görmək üçün turistlər həmin yerləri gəzə bilərlər. Onun sözlərinə görə, ekoturizm marşrutlarının özünün də proqramları var. Fuad Quliyev deyir ki, ekoturizm maşurutları səyahət edilməyən və ya az səyahət edilən yerlərə səyahətin turizmin bir formasıdır.
Göygöl Milli Parkı / Foto: İradə Cəlil, Bizimyol.info“Sovetlər dönəmində bu ekskursiya adlanırdı. Yeni terminlə desək, ekoturizm və yaxud “təbiətə səyahət”. Göygöl Mili Parkında bu ekoturizm marşrutları təyin edilərkən vəhşi heyvanların yaşadıqları ərazilər və onların köç yolları kimi məsələlər nəzərə alınıb, onların həyatları üçün bir təhlükə olmadan biz bu ekoturizm fəaliyyətini genişlətməkdədir. Çünki öncəliyimiz bu təbiəti qorumaqdır. Təbiəti qorumaq üçün də biz ona çox həssas yanaşırıq. Bu həssas tarazlığın qorunması ən vacib amillərdən biridir”-deyə Fuad Quliyev danışır.
Qeyd edək ki, hazırda 423-dən çox bitki, 15 növ onurğalı heyvan növü var. 100 adda dərman bitkisi müəyyənləşdirilib.
Fuad Quliyevin sözlərinə görə, hazırda Azərbaycandan olan Milli Elmlər Akademiyasının bölmələri və Elm və Təhsil Nazirliyinin aidiyyəti institutları ilə orta məktəblərlə, universitetlərlə yaxından əlaqələr qurulur. Gənclərin ekoloji maarifləndirilməsinin təmin edilməsi, ərazidə olan təbii gözəlliklərin birbaşa onlar tərəfindən görülməsinin təmin edilməsi istiqamətində də işlər görülür.
“Onları biz bura ekskursiyalara dəvət edirik. Açıq dərslər keçirik. Məqsədimiz planetimizdə olan yaşıllıqların qorunması və gələcək nəsillərə çatdırılmasıdır”-deyə Fuad Quliyev əlavə edib.
Fuad Quliyevlə bir çox mövzulara toxunmuşuq, amma hamısını indi deməyək. Bizimyol.info xəbər portalı üçün hazırladığımız xüsusi video müsahibəni də izləyib, Göygöl Milli Parkı haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz.
Qeyd edim ki, Fuad Quliyev Göygöl Milli Parkını qarış-qarış gəzir. Bunu deməsinə ehtiyac belə yoxdur. Onun sosial şəbəkə hesabına göz gəzdirəndə, görmək olur ki, sözün əsl mənasında bu insan bir yerdə dayanmır. Yağış, duman heç fərq etmir…
İradə Cəlil, Bizimyol.info






