Zaman-zaman gənc insanların qəfil dünyasını dəyişməsi bizi təəccübləndirir, kədərləndirir. 2012-ci ildə Kanada Ürək-Damar Konqresində təqdim edilən bir araşdırmada, 40 yaşdan aşağı insanlarda ani ölümlərin 3/4-nin evdə baş verdiyi müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, qəfil ölümlərin 76 %-i kişilərdə müşahidə edilir. Bu daha çox 18-40 yaşlılar arasında özünü göstərir. Qəfil ölümlər çox vaxt struktur ürək xəstəliyi olan insanlarda inkişaf edən ölümcül ritm pozğunluqları (aritmiya) nəticəsində baş verir. Araşdırmada qəfil ölüm səbəbiylə dünyasını dəyişən 174 nəfərin 126-da (72 %) struktur ürək xəstəliyi aşkar edilib. Daha da əhəmiyyətlisi, bu 126 nəfərdən 98-nin sağ ikən ürək xəstəliyindən əziyyət çəkdiyi bilinməyib. Yəni xəstəlik gizli inkişaf edib.
Azərbaycanda da, son zamanlar sanki ölümlər gəncləşib. 40-45 yaşlı insanların ürək çatışmazlığından və digər xəstəliklərdən dünyasını dəyişdiyinin şahidi oluruq. Sanki həyatlarımıza bir müdaxilə var. Niyə ölüm bu qədər "gəncləşib"?
Tibb məsələləri üzrə ekspert Adil Qeybulla Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində ölümlərin gəncləşməsi məsələsi ona bağlıdır ki, hal-hazırda insanlarımız daha həddən artıq çox qida qəbul edir, amma az hərəkət edirlər və tənbəlləşiblər. Bundan əlavə alkoqol istehlakçı, elektron siqaretlər, qəlyan hətta xanımlar arasında da geniş yayılıb. Bütün bunların hamısı sağlamlığa təsirsiz ötüşmür. Orqanizmə daxil olan kalori ilə sərf olunanların arasında balans pozulur.
Adil QeybullaEkspert vurğulayıb ki, stressi və ekoloji faktorları da nəzərə almaq lazımdır.
"Qida təhlükəsizliyini də nəzərə almaq lazımdır. Bütün bunlar hamısı vaxtından əvvəl damarların tıxaclanmasına, işemik xəstəliklərin əmələ gəlməsinə, ürək fəaliyyətinin pozulmasına, işemik xəstəliklərin inkişafına, insult və infarkta gətirib çıxarır.
Adil Qeybulla bildirib ki, ölümün əsasında dayanan səbəblərdən biri ürəyin qəfil dayanmasıdır: "İnfarkt, insult baş verən və tromemboliyaladır ki, bunların da hamısı daha çox mübadilə xəstəliklərinə, çəki artıqlığına, oturaq həyat tərzinə çox bağlıdır".
İradə Cəlil, Bizimyol.info






