Azərbaycan bu gün iqtisadi cəhətdən dünyanın ən inkişaf edən ölkələrindən biridir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmət və söz sahibidir. Bu uğurlar ildən-ilə möhkəmlənir. Eyni zamanda Azərbaycan demokratik dünyaya açılan bir dövlət kimi tanınır. Dünyada baş verən proseslərə, siyasi hadisələrə Azərbaycan rəhbəri çevik münasibəti ilə seçilir. Bir çox problemlərin aradan qaldırılması üçün əsaslı tədbirlər görülür. Ölkədə həyata keçirilən çox mühüm islahatlar Azərbaycanın inkişafına yeni zəmindir və bu sahədə də uğurlarımız gündən-günə artmaqdadır.
Azərbaycanda ölkə rəhbərinin sərəncamı ilə növbədənkənar seçkilərin keçirilməsi demokratiyanın bir nümunəsi olmaqla yanaşı, beynəlxalq təcrübəyə və normalara əsaslanır. Çünki bu qərar, mövcud dövrün reallıqlarından irəli gəlir. Cənab prezident öz çıxışlarında dəfələrlə xatırlatmışdır ki, “düşmən üzərində tarixi qələbə yeni reallıqlar yaradır və biz bu reallıqları qiymətləndirib onun əsasında öz işlərimizi qurmalıyıq”.
Bu gün Azərbaycan torpaqları artıq düşməndən azaddır. 44 günlük müharibə və eləcə də 23 saatlıq antiterror tədbirləri nəticəsində erməni separatçılarının ayağı tamamilə Qarabağdan kəsilmiş və ölkənin suverenliyi tam təmin olunmuşdur. Belə bir dövrdə növbədənkənar seçkilərin keçirilməsi qanuna uyğun hal olmaqla bütün ərazilərimizi əhatə edəcək. Bu da çox vacibdir. Çünki işğal dövründə həmin ərazilərdə seçkilərin tam keçirilməsi mümkün olmamış, nəinki parlament, bələdiyyə seçkiləri keçirilmiş, eləcə də prezident seçkilərinin keçirilməsində həmin ərazilərdə müəyyən çətinliklər mövcud idi.
Cənab prezidentin bu sərəncamı imzalamaqla demokratiya yeni bir yol açır və seçkilərin hüquqlarının müdafiə olunmasına bir zəmin yaradır. Növbədənkənar seçkilər Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm bir hadisə olacaq və ölkənin gələcək inkişafı üçün yeni imkanlar yaradacaq.
İradə Cəlil, Bizimyol.info






