Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya Bankının bədbin proqnozu: Əhalinin real gəlirləri təzyiq altında qalacaq
Dünya Bankının bədbin proqnozu: Əhalinin real gəlirləri təzyiq altında qalacaq

Dünya Bankı 2026-cı ildə Azərbaycanda iqtisadi artımın 2%-ə çatacağını, orta illik inflyasiyanın isə 5,8% olacağını proqnozlaşdırır. Qurum hesab edir ki, artım neft sektorunda sabitləşmə və qeyri-neft istehlakının bərpası hesabına təmin olunacaq. 2027–2028-ci illərdə isə inflyasiya 4%-ə, iqtisadi artım isə orta hesabla 1,8%-ə enəcək. Hesabatda geosiyasi risklərlə yanaşı, regional nəqliyyat əlaqələrinin genişlənməsi, turizm və xidmət sektorunun inkişafının Azərbaycan iqtisadiyyatı üçün yeni imkanlar yarada biləcəyi vurğulanır.

  • İnflyasiyanın 5,8% olacağı proqnozlaşdırıldığı halda, 2%-lik iqtisadi artım əhalinin real gəlirlərinə və alıcılıq qabiliyyətinə necə təsir göstərəcək?

İqtisadçı Asif İbrahimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Dünya Bankının 2026-cı il üçün Azərbaycan iqtisadiyyatı ilə bağlı açıqladığı proqnozlar çox diqqətlə təhlil edilməlidir. Qurum 2026-cı ildə ölkədə iqtisadi artımın 2%, orta illik inflyasiyanın isə 5,8% olacağını proqnozlaşdırır. Bu rəqəmlər göstərir ki, qiymət artımı iqtisadi artımı təxminən üç dəfə üstələyir. Biz ekspertlər Azərbaycanın mövcud iqtisadi vəziyyəti ilə bağlı həyəcan siqnalını çoxdan çalırıq.

Makroiqtisadi baxımdan iqtisadi artım müsbət göstəricidir. Lakin praktikada inkişaf etməkdə olan ölkələr üçün bu rəqəmi yüksək və qənaətbəxş göstərici hesab etmək olmaz.

İqtisadçının sözlərinə görə, inflyasiya iqtisadi artımdan xeyli yüksək olduqda, əhalinin alıcılıq qabiliyyəti və real gəlirləri üzərində ciddi təzyiq yaranır.

O bildirib ki, əgər əməkhaqları, pensiyalar və sosial ödənişlər inflyasiyaya uyğun artırılmasa, insanlar nominal olaraq eyni gəliri əldə etsələr belə, daha az mal və xidmət ala biləcəklər. Belə şəraitdə iqtisadi artımın vətəndaşın gündəlik həyatında hiss olunması çətinləşir.

"Dünya Bankı iqtisadi artımın əsas mənbəyi kimi neft sektorunda sabitləşməni və qeyri-neft istehlakının bərpasını göstərir. Lakin dayanıqlı inkişaf yalnız istehlak hesabına mümkün deyil. Uzunmüddətli iqtisadi artım istehsalın genişlənməsi, yüksək məhsuldarlıq, innovasiya, ixracın artması və özəl sektorun güclənməsi hesabına təmin edilməlidir", – deyə o bildirib.

Asif İbrahimovun fikrincə, hökumətin 2029-cu ilədək qeyri-neft gəlirlərinin dövlət büdcəsində payını 61 faizə çatdırmaq hədəfi ambisiyalı olsa da, bu məqsədə yalnız vergi və inzibatçılığın sərtləşdirilməsi ilə nail olmaq mümkün deyil. Bunun üçün ilk növbədə rəqabətli biznes mühiti formalaşdırılmalı, kiçik və orta sahibkarlığın maliyyəyə çıxışı genişləndirilməli, məhkəmə-hüquq sisteminə etimad artırılmalı, kölgə iqtisadiyyatı azaldılmalı və xarici investisiyalar üçün institusional maneələr aradan qaldırılmalıdır.

"Turizm və xidmət sektoru həqiqətən də iqtisadiyyatın şaxələndirilməsində mühüm rol oynaya bilər. Ancaq bu sahələrin neftdən asılılığı azaltması üçün müasir nəqliyyat-logistika infrastrukturu, yüksək xidmət keyfiyyəti, rəqabətqabiliyyətli qiymət siyasəti və əlverişli investisiya mühiti təmin edilməlidir. Əks halda, bu sahələr iqtisadiyyatın aparıcı lokomotivinə çevrilə bilməyəcək", – deyə o vurğulayıb.

Asif İbrahimov hesab edir ki, ən vacib məsələ iqtisadi artımın keyfiyyətidir. Əgər iqtisadi artım vətəndaşın rifahında, məşğulluğunda, real gəlirlərində və alıcılıq qabiliyyətində hiss olunmursa, həmin artım cəmiyyət üçün arzu olunan nəticəni vermir.

İqtisadi siyasətin əsas məqsədi statistik göstəricilərin yaxşılaşdırılması deyil, vətəndaşın həyat keyfiyyətinin yüksəldilməsi olmalıdır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »