Azərbaycanlı müxalif siyasətçi deyir: "Azərbaycan ABŞ-ı danışıqlardan kənarlaşdırıb".
Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarını nəzərdə tutur. Bunu deyən şəxs keçmişdə iqtidar mənsubu olub, özü də ölkənin xarici siyasət məsələlərinin içindən gəlib.
Mən, doğrusu, ABŞ-a simpatiya ilə yanaşan bir adamam; bunu gizlətməmişəm və gizlətmirəm. Amerika Birləşmiş Ştatlarının öz vətəndaşları üçün qurduğu mükəmmələ yaxın sistemi təqdir etmişəm və edirəm. Bu ölkədə dəfələrlə olmuşam, içəridən də görüb gəlmişəm. Dövlətin idarəçilik sistemi, öz vətəndaşına yanaşması, hüquqlarının müdafiəsi, hər cür azad, proqressiv təşəbbüsə dəstək və sair... bunlar alqışa layiqdir. Ancaq xarici siyasətində çox məsələlərlə razı deyiləm. Xüsusilə, Azərbaycana yanaşmasındakı yeni neqativ - basqıçı çalarlar xoş deyil.
"Xoş deyil" yumşaq ifadə oldu; ədalətsizdir, əsassızdır. Ən çox da Azərbaycan-Ermənistan danışıqlarına nəzərən.
Fikrimi izah etmək üçün əvvələ qayıdım.
Xeyr, Azərbaycan heç kimi danışıqlar prosesindən uzaqlaşdırmayıb. Bunun əksini iddia etmək ya məlumatsızlıqdan, ya da hansısa maraqdan irəli gələ bilər.
Əvvəla, danışıqlarda iki tərəf var. Bunlar Azərbaycan və Ermənistandır. "Qalib-məğlub" formulunu da bir kənara qoyduq. Azərbaycan iki məqsədə çatmaq istəyir. əvvəlcə istəyir ki, öz təhlükəsizliyinə yazılı təminat alsın. Otuz illik işğal dövründəki kimi hadisələr bir daha yaşanmasın. Bu təminatın da yolu sülh müqaviləsindən keçir.
Bunu Azərbaycanla Ermənistan öz aralarında danışıb həll edə bilər. Ancaq Ermənistan bu prosesə mütləq kənardan müdaxilə edəcək birini tapır. Əvvəl Minsk Qrupunu reanimasiya etməyə çalışırdı. Sonra Rusiyadan uzaqlaşmaq xətti seçdiyi üçün Minsk Qrupunu "unudub" gah Avropa İttifaqını, gah Fransanı bölgəyə gətirməyə, danışıqlar formatına daxil etməyə çalışdı. Eləcə də, ABŞ-ı.
Azərbaycanın buna da prinsipial olaraq etirazı yox idi. Sadəcə, Fransa açıq tərzdə Ermənistanın tərəfini tutan zaman, Azərbaycan adekvat addım atdı; Qranada görüşündən imtina ilə. O zamana qədər Fransa da müxtəlif formalarda danışıqlarda moderatorluq etmişdi. Ancaq indi Ermənistanı Azərbaycana qarşı silahlandırıb bölgədə yeni qarşıdurma riski yaradan Fransanın danışıqlar prosesində nə işi var?! Rəsmi Paris öz siyasəti ilə özünü prosesdən kənarda qoydu. Azərbaycan, sadəcə, faktı konstatasiya edib, o qədər. Eyni şey ABŞ-a da aiddir. Dövlət katibinin adından provokativ bəyanat yayılır ki, guya tezliklə Azərbaycan Ermənistana hücum edəcək. Sonra təkzib olunur. Dövlət katibinin köməkçisi səfir O'Brayen daha da irəli gedərək Azərbaycanı təhdid edir; əgər sülh danışıqlarında irəliləyiş olmasa, Azərbaycanla "adi münasibətlər olmayacaq" deyir. Senatorlar, müxtəlif çaplı siyasi kimliklər Azərbaycanın əleyhinə çıxışlar edirlər. "Azadlığı müdafiə aktı"ına edilmiş və Azərbaycana faktik düşmən münasibəti rəsmiləşdirən bədnam 907-ci düzəlişin hüquqi qüvvəsi bərpa olunur. Azərbaycana yardımlar dayandırılır, Ermənistana yardımlar artırılır. ABŞ-ın və dünyanın ən böyük xarici yardım təşkilatlarından biri (bəlkə birincisi) olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin direktoru Samanta Pauer Qarabağı könüllü tərk etmiş erməniəsilli əhalini "məcburi köçkün" kimi qələmə verib, Azərbaycanı "etnik təmizləmə" törətməkdə ittiham edən Ermənistan dairələrinin dili ilə danışıb və sair. Belə bir durumda - ABŞ rəsmilərinin açıq formada Ermənistanın tərəfini tutduğu şəraitdə Azərbaycan Vaşinqtonun danışıqlar prosesindəki iştirakını necə qiymətləndirməliydi ki?! Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi səviyyəsində - rəsmi olaraq deyilir ki, Azərbaycandan və təbii ki, Azərbaycana yüksək səviyyəli səfərlər ləğv edilib. Yəni nə Vaşinqton Bakıya yüksək səviyyəli nümayəndələr göndərir, nə Bakıdan eyni statusda rəsmiləri qəbul edir. İndi mən bizim müxalif siyasətçidən soruşuram: kim kimi kənarlaşdırıb?!
Sözügedən sülh danışıqlarına moderatorluqdan söhbət gedirsə, ABŞ özü özünü kənarda qoyub, özümüz niyə özümüzü ittiham edirik?! Bunu anlamadım. Avropa İttifaqı da ara-sıra nala-mıxa vurdu, ancaq bütövlükdə hələ ki nisbətən neytrallığını saxlayır. Ən azı zahiri neytrallığı.
Bəli, Qərb Rusiyanı bölgədən sıxışdırmaq, çıxarmaq istəyir, anlayırıq. Bu, bizim deyil, Rusiya ilə Qərbin arasında olan məsələdir. Bu kontekstdə tərəflər bir-birini Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarından da uzaqlaşdırmağa çalışır. Bu da aydındır. Azərbaycan prezidenti də çıxışlarından birində əgər ədalətli və qalıcı sülhə gətirəcəksə, bu rəqabətə normal baxdığını da deyib. Başqa da nə deməliydi ki?! Azərbaycan gedib Ermənistandan Rusiya qoşunlarını çıxarmalıdır, yoxsa əksinə, ABŞ-ın bölgədəki ən böyük diplomatik nümayəndəliyini İrəvanda bağlamalıdır?! Bəli, Azərbaycanda da rus əsgəri var. Ancaq bu, konkret məqsədlə konkret müddətdə Qarabağ regionundadır. Niyə gəlmişdi və niyə var? Bunları Qərb də bilir, Şərq də. Ermənistanın günahı üzündən olub bunlar. Qarabağda erməni separatizmi, Ermənistan işğalçılığı olmasaydı, Rusiya qoşunlarının nə işi var idi Azərbaycan ərazisində?! Ancaq Cənubi Qafqazda Rusiya qoşunları hansı ölkədə daha çoxdur?! Azərbaycanda Rusiya hərbi bazası varmı? Yoxdur. Harda var?! Ermənistanda. Bütün iqtisadiyyatını, xarici təhlükəsizlik idarəçiliyini və sair Rusiyaya bağlayan, sərhədlərini rus əsgərinə etibar edən Ermənistan, Rusiya ilə hərbi blokda olan da Ermənistan, ərazisində rus hərbi bazasını barındıran da Ermənistan, Qərbdən ən çox maliyyə yardım alan da, siyasi dəstək alan da Ermənistan. Əvəzində sülhə mane olmaqda, guya Ermınistanı təhdid etməkdə, Rusiya ilə unison hərəkət etməkdə ittiham olunan isə Azərbaycan! Məntiq burda hardadır?! Hələ hüququ, ədaləti bir yana qoyuram. Təkcə elə məntiqi göstərin mənə.
Azərbaycanın məqsədlərindən danışırdıq. Birini araşdırdıq. İkinci məqsədə baxaq. Rəsmi Bakı istəyir ki, regionda əməkdaşlıq mühiti yaransın. Kommunikasiyalar açılsın, yollar işləsin. Diplomatik, siyasi, ticari, iqtisadi, insani əlaqələr qurulsun. Bu məqsədlə müxtəlif formatlar düşünülür. Ancaq...
Gürcüstanın "3+3" formatına qoşulmasına razılıq verməyən kimdir?! Qərb. Cənubi Qafqazın üç ölkəsinin öz aralarında üçlü əməkdaşlığını qurmağa təşəbbüs edilir, Gürcüstan "hə" deyir, Ermənistan isə yanaşmır. Kim qoymur?! Qərb. Ankara bölgədəki problemlərin həlli üçün dördtərəfli format təklif edir - Azərbaycan və Ermənistanın, üstəgəl Rusiya və Türkiyənin iştirakıyla.
Ermənistan buna da getmir. Kim icazə vermir?! Yenə də həmin Vaşinqton, Paris, həm də Brüssel. "Zəngəzur dəhlizi" deyirik, Ermənistan "hə" əvəzinə, "yox"u "hə" kimi deyir - razılıq vermir. Azərbaycan İranla anlaşır, həyati əhəmiyyət daşıyan yol layihəsini İran ərazisinə daşımalı olur. Yenə də buna səbəb olan Ermənistan qalır qıraqda, günahı Azərbaycanın üzərinə qoymağa cəhd edirlər. Kim edir?! Məlum.
Bütün bunlardan sonra durub da: "Azərbaycan ABŞ-ı dışlayır" deyə tezis fırladan siyasi vahidlərin beyin kimyasının tərkibini bilmək istərdim...
Hakimiyyətə qarşı müxalifətdə olmaq normaldır. Dövlətə qarşı müxalifətdə olan da, elə dövlətə qarşı hakimiyyətdə olan da özünü həqiqətdən, ədalətdən - bir sözlə, öz dövlətindən kənarda qoymuş olur. Parisi bəyənərsən, Vaşinqtona inanarsan, Brüsselə güvənərsən, ya da Moskvaya arxalanarsan... Ola bilər, insanlıq halıdır. Ancaq sən öz ölkənə niyə arxa çevirməlisən ki?! Niyə "Pauerizm"in "təhrif olunmuş reallıq" uçurumuna yuvarlanasan ki?!
Kimlərsə yaxından-uzaqdan, ya da lap uzaqdan gəlib sənin bölgəndə səni dışlayacaq, sənin maraqlarını kənara qoyacaq, sən də durub deyəcəksən ki, Azərbaycan filan dövləti kənarda qoyub, uzaqlaşdırıb, eləmi?!
Axı o aktor elə onsuz da kənardan gəlib. Həm də çox uzaqdan. Üstəlik bizim özümüzü... prosesdən uzaqlaşdırmaq niyyəti ilə gəlirsə...
Nə edək indi?!
Təklifiniz nədir?!
Bahəddin HəziBahəddin Həzi, Bizimyol.info






