Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gündüz "mərhəmət", gecə "işıq" axtaran vətəndaş yolu keçərkən sağ qalmağa çalışır... - Video
Gündüz "mərhəmət", gecə "işıq" axtaran vətəndaş yolu keçərkən sağ qalmağa çalışır... - Video

Binəqədi rayonu Biləcəri qəsəbəsində "DSK yolu" kimi də tanınan avtomobil yolunda heç bir yol-nəqliyyat nişanının olmaması burada yaşayan sakinlər üçün həyati təhlükə yaradır.

10 may küçəsi adlanan bu ərazidə həm minik maşınları, həm ictimai nəqliyyat vasitələri, həm də iritonnajlı yük avtomobilləri üçün tənzimləyici yol nişanları yoxdur. Eyni zamanda burada piyadalar üçün yol keçidi nişanı, zolağı olmadığı üçün vətəndaşlar ciddi yol qəzası riski ilə qarşı-qarşıya qalmalı olurlar. Xüsusilə səhərlər məktəbə tələsən uşaqlar və valideynlər bu yolu qaçaraq keçməyə, yaşlılar isə hansısa avtomobil sürücüsünün "mərhəmət"inə sığınaraq, onlara yol verməsini gözləməyə məcbur olurlar.

Axşamlar vəziyyət daha da qorxulu hal alır. Belə ki, yolun qarşı tərəfinə keçib, supermarketdən ərzaq almağa gedən vətəndaşları yolda heç bir işıqlandırıcı vasitə olmadığı üçün avtomobillər görə bilmir və hər an qəza vəziyyəti yaranır. Yol kənarına "candərdi" quraşdırılmış təktərəfli yol keçidi nişanı daşlar sayəsində "ayaq üstə" qalır, yol üzərində zolaqlar yoxdur və işıqlandırma isə ümumiyyətlə bu yola yaddır.

Problemlə əlaqədar çəkilmiş videogörüntülər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) göndərilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bizimyol.info xəbər portalına problemin araşdırılacağı barədə məlumat verib. Araşdırma tamamlandıqda qurumun mövqeyini dərc etməyə hazırıq.

Bizimyol.info xəbər portalı ərazidən çəkilmiş xüsusi görüntüləri təqdim edir:

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »