Abşeron rayonu Digah kənd sakinləri illərdir məhəllədaxili və əsas yolların payız və qış fəsillərində yararsız hala düşməsindən əziyyət çəkirlər. Problemlə əlaqədar aidiyyəti qurumlardan, xüsusilə yerli bələdiyyə rəhbərliyindən və icra hakimiyyəti aparatından onlara səbrli olmaq tövsiyə edilsə də, göydən düşən bir damla su ilə bataqlığa çevrilən bu yollarda yerli camaatdan başqası əziyyət çəkmir. Xüsusilə məktəblilərə, qadınlara və yaşlı kənd sakinlərinə qarda, yağışda bataqlıq olan Digah kəndinin yolları həm də müxtəlif tullantılarla çirklənib və ekoloji vəziyyət ürəkaçan deyil.
Bir neçə həftədən bir bu yollardan keçən "Qaz-53" markalı köhnə sovet yük maşını bu kəndin tullantılarının yığılması üçün nəzərdə tutulub. Hətta Digah sakinləri bu "xidmət"ə görə bələdiyyəyə aylıq 3 manat civarında pul ödəyirlər. Sakinlər bildirir ki, onlar dəfələrlə yerli icra qurumlarına müraciət etsələr də, şikayətləri illərdir qulaqardına vurulur: "Dəfələrlə müraciət etmişik, həm fərdi, həm də toplu halda şikayət etmişik, qışın qarında, payızın yağışında buralar keçilməz vəziyyətdə olur, özləri də yaşayışımızı görürlər, nə halda olduğumuzu yaxşı bilirlər, amma veclərinə deyil, deyirlər ki, "səbrli ol, get evinə, həll olunacaq, darıxma". İllərdir bu cümlə ilə başımızın altına yastıq qoyublar. Başqa televiziyalardan, müxtəlif qəzetlərdən, media orqanlarından gəlib çəkiblər, yazıblar. Maraqlıdır ki, bura bir dəfə gələn jurnalist daha sonra nə olursa, bir də gəlmir. Müxtəlif yollarla mətbuata da mane olurlar. Biz nə istəyirik? Biz istəyirik ki, yollarımız abad olsun, övladlarımız məktəbə rahat gedib-gələ bilsinlər. Məktəblə aramız 2 km-dən çoxdur. Yollarda nə işıq dirəkləri var, nə müşahidə kameraları var. Bu uşaqlar dərsdən axşamüstü, hava qaralanda çıxıb gəlirlər. Biz övladlarımız üçün narahatıq. Məktəbin müəllimlərini bir yerə toplayırlar, deyirlər ki, işıqdan, sudan, qazdan nədən istəyirsiniz şikayət edin, bircə yol məsələsində səsinizi çıxarmayın. Nə hikmətdirsə, yollarla bağlı problemi dilə gətirmək istəyənə hər vasitə ilə mane olmağa çalışırlar"- deyə kənd sakinləri bildirir.
Məlumat üçün qeyd edək ki, Digah kənd bələdiyyəsi ilə əlaqə saxlamağa çalışsaq da, bu, mümkün olmadı. Kənd sakinləri bələdiyyə rəsmisinin çəkiliş yerinə gəlməkdən və problemlə əlaqədar açıqlama verməkdən imtina etdiyini bildirdilər.
Problemlə əlaqədar Abşeron rayonu İcra Hakimiyyətinin rəsmisi Müşfiq İsmayılov Bizimyol.info xəbər portalına açıqlama verərək bildirib ki, ərazi relyefi əlverişsiz olduğuna və mərkəzi kanalizasiya xətti olmadığına görə, adıçəkilən ərazidə asfalt örtüyünün salınması prosesi yubanır:
"Digah qəsəbəsi Abşeron rayonunun ərazi və əhalicə ən kiçik kəndlərindən, qəsəbələrindən biridir. Bir ədəd mərkəzi yolumuz var, o da Mehdabadla Məhəmmədi kəndini birləşdirən 2 km 200 metr uzunluğunda Hüseyn Rəhmanov küçəsidir. Orada da asfalt örtüyü çox yüksək səviyyədədir. Uşaq bağçası tərəfdə yolun relyefi ilə əlaqədar yağış yağdığı zaman su yığılması olur. Həmin su da piyada səkisinə heç bir formada maneə törətmir. Qeyd etdiyim kimi, mərkəzi yol Hüseyn Rəhmanov küçəsidir və həmin məsafə boyu heç bir dağıntı, maneə yoxdur. Bir nəzarət kamerası var. Bizim cənab başçının səyyar görüşü zamanı sakinlərimiz müraciət etmişdi. Başçının müdaxiləsindən sonra məktəbin yanında nəzarət kamerası qoyulub. Həmin ərazidə piyadaların yolu təhlükəsiz keçməsi üçün ağ rəngli zolaqlar çəkilib. Adıçəkilən qəsəbədə işıqfor yoxdur.
O ki qaldı məhəllədaxili yollara, onu bildirim ki, Digah qəsəbəsinin coğrafi relyefi elədir ki, o, bizim müzakirə obyektimiz ola bilməz. Çökək yerlər var və həmin yerlərdə də sakinlərimiz uzun illərdir ki, torpaq alıb, evlər tikiblər. Hansı ki, həmin oralarda mərkəzi kanalizasiya xətti çəkilməyib, indi də yağış yağanda evlərin zirzəmilərinə su sızma halları olur. Belə halların qarşısını birdəfəlik almaq üçün yeganə yol var - mərkəzi kanalizasiya xəttinin çəkilməsi. Yalnız bundan sonra həmin məhəllədaxili yolların asfalt örtüyü ilə təmin edilməsi planlaşdırılır. Bu plan da "Azəravtoyol" tərəfindən həyata keçirilir. Bütün kənd və qəsəbələrdə ara yolların hər hansı yol örtüyü ilə döşənməsi qrabil, şeben və karbonat deyilən elementlərdən istifadə olunmaqla, bələdiyyələr vasitəsilə həyata keçirilir. Amma asfalt xəttinin çəkilməsi üçün mərkəzləşmiş kanalizasiya xətti təmin edilməlidir ki, ondan sonra asfalt vurulsun. Kanalizasiya xəttinin çəkilməsi prosesi isə Nazirlər Kabinetinin fərmanı ilə 2022-2025-ci illərdə öz həllini tapacaq. Tək bizim qəsəbədə yox, ümumilikdə bütün Abşeron yarımadası üçün bu qərar keçərli olacaq. Sakinlər bizə müraciət edib, biz də gedib baxmışıq, ərazidə də olmuşuq, vəziyyəti də izah etmişik. Özlərinə də demişik ki, "ay xanım, ay qardaş, ay bacı... kanalizasiyası, yolu, infrastrukturu olmayan bu çökək yerdə evlər, gecəqondular tikmisiniz, ora kanalizasiya çəkmək də dövlət planı əsasında olur. İndi üç nəfər gəlib, ev inşa edir. Həmin üç nəfərə görə dövlət kanalizasiya xətti inşa edilə bilməz axı" - deyə, Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsi problemlə əlaqədar qurumun mövqeyini bildirib.
Mətin Şükürlü, Bizimyol.info






