Bir neçə gün əvvəl, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, Ermənistan Suriyaya çevrilir. O, öz geosiyasi maraqlarına görə böyük dövlətlər arasında bölünür. “Biz Cənubi Qafqaz regionunda geosiyasi rəqabətin elementlərini görürük və bizim böyük güclərə də mesajımız budur: Daxili siyasi gündəminizi bizim regiona ixrac etməyin”-deyə Hacıyev qeyd edib.
Milli Məclisin deputatı Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün Ermənistan beynəlxalq maraqların toqquşduğu məkana çevrilib. Rusiya uzun illər Ermənistanın təhlükəsizliyini qoruyur. İndi Ermənistan Rusiyanın Ukrayna müharibəsində zəiflədiyini görüb ondan imtina edir və Qərbin çətiri altına keçmək istəyir, eyni zamanda Fransanı ölkəyə "daşımağa" çalışır. Bu da Rusiyanın kəskin qəzəbinə səbəb olur. Belə ki, Qərbin bəzi dövlətləri Fransanın təsiri altında regiondakı proseslərə ədalətsiz yanaşır və Ermənistanı regionumuzun gərginlik mərkəzinə çevirməkdədir. Onlar siyasi gündəmini Cənubi Qafqaz regionuna ixrac etməməli və sülhə xidmət edən ədalətli mövqedə olmalıdırlar. Çünki, Cənubi Qafqaz bu gün Asiyanı Avropa ilə əlaqələndirən ən vacib regiondur.
Azər BadamovDeputat vurğulayıb ki, Azərbaycan 30 il torpaqlarında işğalla üzləşmiş və çətinliklər yaşamış ölkədir. Dünyanın ən mötəbər təşkilatlarında işğala son qoyulması ilə bağlı qərarlar qəbul olunmuşdu. O cümlədən, Ermənistanın işğala son qoyması və Ermənistana aid silahlı birləşmələrin ərazilərimizdən çıxarılması ilə bağlı BMT TŞ-nın 4 qətnaməsi 28 il icra olunmamış qaldı.
“Təbii ki, bu, beynəlxalq ictimaiyyətin məsələlərə selektiv yanaşmasından irəli gəlirdi. 30 il haqsızlığa düzən Azərbaycan üç il əvvəl müharibə yolu ilə pozulmuş hüqlarını öz gücü ilə bərpa etdi. Müharibənin başa çatdığı üç ilə yaxın müddətdə 30 il ədalətsizliyi dəstəkləyən dairələr açıq müstəviyə keçərək separatizmi inkişaf etdirən Ermənistanı birtərəfli şəkildə dəstək verməyə başlamışdır”-deyən deputat bildirib ki, bütün bunlara baxmayaraq, Azərbaycan öz haqqını və suverən hüquqlarını tapdalamğa heç kimə imkan verməyəcək.
İradə Cəlil, Bizimyol.info






