Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, 27 milyon manatlıq mənimsəmə və rüşvətalmada ittiham olunan Səlim Müslümovun işi üzrə məhkəmə istintaqı yekunlaşır. Onunla bağlı cinayət işi üzrə məhkəməyə ittiham tərəfi 334 nəfər şahid təqdim etmişdi ki, onların da əksəriyyəti məhkəməyə çağırılaraq dindirilib.
Bizimyol.info xəbər verir ki, dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Səlim Müslümovun işi üzrə məhkəmə iclasında hakim Faiq Qəniyev bu barədə məlumat verib. Hakim bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində Səlim Müslümovun işindən başqa bir cinayət işi də ayrılıb. Həmin cinayət işi də nazirliklə bağlı araşdırmalar zamanı üzə çıxan pozuntular, o cümlədən tenderlərdə iştirak edən şirkət rəhbərlərinin hərəkətlərindəki qanunsuzluqlar, mənimsəmələr və s. hallarla bağlıdır. Hakimin sözlərinə görə, həmin cinayət işi üzrə indiyədək 1.5 milyon manata qədər ziyanın ödənilməsi təmin edilib və bu istiqamətdə işlər davam etdirilir.
Səlim Müslümova qarşı ittihamlarla (şəhid ailələri və Qarabağ qaziləri üçün evlərin tikintisi, alınması zamanı mənimsəmələr, daxili audit zamanı nöqsanların ört-basdır edilməsi üçün rüşvətalma və s.) əlaqədar dindirilən şahidlərin kifayət edib-etməməsi haqda tərəflərin fikrini soruşub. Səlim Müslümovun vəkilləri bildirib ki, şahidlərin 70 faizi dindirilib və bütün epizodları əhatə edir. Bu da yetərlidir.
Daha sonra Səlim Müslümovun özünə ifadə vermək təklif olunub. O, məhkəmədə ifadə verməkdən imtina edib. Deyib ki, istintaqdakı ifadəsini təsdiqləyir.
Keçmiş nazir mənimsəmə və rüşvətalma ittihamlarını qəbul etsə də, israfetmə ilə razılaşmır.
Səlim Müslümovun məhkəməsi dekabrın 30-da davam edəcək.
61 yaşlı Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb.
O, 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib. O, 2018-ci ildə nazir vəzifəsindən azad edilib.
Aytən, Bizimyol.info






