70 il evli olmuş Amerikalı ər-arvad xəstəxanada 20 dəqiqə fərqlə dünyalarını dəyişiblər.
Miçiqandan olan Freda və Les Austinlər məktəbdə tanış olublar və 1949-cu ildə evləniblər.

Onlar bu ilin noyabr ayında toylarının 70 illiyini qeyd ediblər. Austinlərin nəvələrinin dediyinə görə, cütlük yalnız Koreya müharibəsi zamanı Les Fredanın xəbəri olmadan orduya könüllü yazıldıqda mübahisə ediblər. Bu il dekabrın 6-da xəstəxanaya yerləşdirilən ər-arvad ertəsi gün 20 dəqiqə fərqlə dünyadan köçüblər. Les və Fredanın 90 yaşları olub.
“Şadam ki, eyni vaxtda bizi tərk etdilər. Düşünürəm ki, onlardan birinin tək yaşamağa davam etməsi çətin olacaqdı. Çünki babam və nənəm bu 70 ilin sonlarını da bir-birlərinə qayğı göstərərək və çox sevərək yaşamaqda davam edirdilər”- deyə nəvə Leya bildirib.
Özlərindən sonra cütlük 2 övlad, 4 nəvə və 8 nəticə qoyub. (Moderator.az)






