ABŞ-də keçirilən rəy sorğusunun nəticələrinə görə, respondentlərin cəmi 33 faizi ABŞ ordusunun İrana endirdiyi zərbələri dəstəkləyir. Bu, münaqişə başlayandan bəri qeydə alınan ən aşağı göstəricidir.
Bizimyol.info xəbər verir ki, məlumat "Reuters" agentliyi və "Ipsos" beynəlxalq tədqiqat xidmətinin iyulun 24–26-da birgə keçirdiyi sorğuya əsaslanır.
Sorğu iştirakçılarının 62 faizi ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarını dəstəkləmədiyini bildirib, 5 faiz isə suala dəqiq cavab verməyib.
Araşdırmaya əsasən, respondentlərin 69 faizi ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatların məqsədlərini aydın şəkildə izah etmədiyini düşünür.
Sorğunun nəticələrinə görə, Donald Trampın reytinqi 37 faizə yüksəlib. İyunun sonunda bu göstərici 34 faiz idi ki, bu da onun 2025-ci il yanvarın 20-də keçirilən andiçmə mərasimindən bəri ən aşağı səviyyə hesab olunurdu.
Sorğu ABŞ üzrə 1 248 yetkin yaşlı respondent arasında keçirilib.






