Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimlər bədəndə piyin paylanması ilə beynin qocalması arasında əlaqə aşkar ediblər
Alimlər bədəndə piyin paylanması ilə beynin qocalması arasında əlaqə aşkar ediblər

Yeni araşdırma göstərib ki, beynin sağlamlığına və qocalma sürətinə təkcə orqanizmdəki piy toxumasının miqdarı deyil, həm də onun bədəndə hansı nahiyədə toplandığı təsir göstərə bilər. Eyni çəkiyə və bədən kütlə indeksi (BKİ) göstəricisinə malik insanlarda belə beyin sağlamlığı ilə bağlı risklər fərqli ola bilər.

Bizimyol.info xəbər verir ki, Honkonq Politexnik Universitetinin tədqiqatçıları Böyük Britaniyanın UK Biobank məlumat bazasında yer alan 18 mindən çox iştirakçının məlumatlarını təhlil edərək, bədəndə piyin paylanmasını beyin skanlarının nəticələri və idrak (kognitiv) funksiyalarının göstəriciləri ilə müqayisə ediblər.

Müəlliflərin sözlərinə görə, bu, piy toxumasının yerləşməsi, beynin strukturu və sinir əlaqələri, eləcə də idrak qabiliyyətləri arasındakı əlaqəni sistemli şəkildə araşdıran ilk genişmiqyaslı tədqiqatdır.

Araşdırma nəticəsində məlum olub ki, bədənin müxtəlif nahiyələrində toplanan piylər beyində fərqli dəyişikliklərlə əlaqəlidir. Xüsusilə, bu dəyişikliklər hərəkət, emosiyalar, yaddaş və beyin özülünün fəaliyyəti ilə bağlı sahələrdə müşahidə olunur.

Ən narahatedici nəticə isə visseral piy – daxili orqanların ətrafında toplanan piy toxuması ilə bağlı olub. Məhz bu piy növünün sinir hüceyrələri arasında siqnalların ötürülməsinə cavabdeh olan beynin ağ maddəsinin zədələnməsi ilə birbaşa əlaqəli olduğu müəyyən edilib.

Alimlər hesab edirlər ki, bunun mümkün mexanizmlərindən biri xroniki iltihabdır. Belə ki, visseral piy toxuması iltihabı gücləndirən maddələr ifraz edir və bu da orqanizmdə sistemli iltihaba, neyroiltihaba və nəticədə beynin ağ maddəsinin zədələnməsinə səbəb ola bilər.

Bununla yanaşı, tədqiqatçılar vurğulayırlar ki, araşdırma müşahidə xarakteri daşıyır və səbəb-nəticə əlaqəsini birbaşa sübut etmir. Bununla belə, əldə olunan nəticələr göstərir ki, sağlam həyat tərzi hesabına visseral piyin azaldılması gələcəkdə neyrodegenerativ xəstəliklərin riskinin aşağı salınmasına kömək edə bilər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »