ABŞ Prezidenti Donald Tramp administrasiyası Konqres üzvlərinə bildirib ki, Ukraynaya yardım üçün təsdiqlənmiş 400 milyon dolların xərclənməsi 2029-cu maliyyə ilinə qədər tam həyata keçirilməyəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin yazdığına görə, Kiyev Rusiyanın raket hücumlarından müdafiə üçün silah çatışmazlığı yaşadığı bir vaxtda bu qərar Konqresdə narazılığa səbəb olub.
Mənbənin sözlərinə görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) may ayında Konqresə vəsaitlərin xərclənməsi planını əks etdirən məktub göndərib. Demokratlar və Trampın Respublikaçılar Partiyasından olan bəzi partiya yoldaşları Pentaqonu ötən il hər iki partiyanın dəstəklədiyi Ukraynaya yardımın həyata keçirilməsini ləngitdiyinə görə tənqid ediblər.
Məktubun göndərilməsindən iki ay keçməsinə baxmayaraq, vəsait hələ də nə ayrılıb, nə də müqavilələr çərçivəsində rəsmiləşdirilib. Bildirilir ki, Konqres dəfələrlə yardımın ayrılması prosesinin ləng getməsindən narazılığını ifadə edib.
Agentliyin məlumatına görə, Ukrayna Prezidenti Vladimir Zelenskinin çərşənbə axşamı Ağ evdə Donald Trampla görüşəcəyi gözlənilir. Görüş zamanı Zelenskinin Ukrayna üçün təcili hava hücumundan müdafiə vasitələrinin ayrılması və pilotsuz uçuş aparatları ilə bağlı ABŞ-la yeni razılaşmanın əldə olunmasını gündəmə gətirəcəyi bildirilir.
Bundan sonra Zelenskinin ABŞ Senatının bütün 100 üzvü ilə görüşmək üçün Kapitoliyaya yollanacağı gözlənilir. Nümayəndələr Palatası isə yay tətili səbəbindən həmin vaxt Vaşinqtonda olmayacaq.
İki mənbə də Konqres üzvlərinin Pentaqonun yardım qrafikindən narazı olduğunu və onun davam edən müharibə şəraitində həddindən artıq ləng hesab edildiyini bildirib.
Pentaqonun təqdim etdiyi plana əsasən, yardımın əsas hissəsinin 2026-cı maliyyə ili ərzində ayrılması, bütün proqramın isə 30 sentyabr 2029-cu ildə başa çatan maliyyə ilinin sonunadək tam icra olunması nəzərdə tutulur.
Bizimyol.info






