Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna kəşfiyyatı Kremlin zəif nöqtəsini üzə çıxarıb? - "The Telegraph"
Ukrayna kəşfiyyatı Kremlin zəif nöqtəsini üzə çıxarıb? - "The Telegraph"

Böyük Britaniya ordusunun istefada olan polkovniki Hamis de Bretton-Qordon "The Telegraph" qəzetində dərc olunan məqaləsində Moskva yaxınlığında baş vermiş "Su-57" qırıcısının qəzasının Rusiya hərbi rəhbərliyi üçün ciddi zərbə olduğunu yazıb.

Bizimyol.info xəbər verir ki, müəllifin ehtimalına görə, təyyarə Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulmuş ola bilər, lakin hadisədə Ukrayna kəşfiyyatının mümkün rolu ilə bağlı hələlik qəti nəticə yoxdur.

Polkovnik qeyd edib ki, bu hadisə Ukraynanın Xəzər dənizində İran tankerinə endirdiyi zərbə ilə eyni dövrə təsadüf edib. Onun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski həmin gəminin İranın Yaxın Şərqdəki əməliyyatları üçün nəzərdə tutulmuş Rusiya silahlarını daşıdığını bildirib.

Bu məlumatlar təsdiqini tapacağı təqdirdə, sözügedən iki hadisə müharibənin gedişində dönüş nöqtəsinə çevrilə bilər.

Hərb tarixində kəşfiyyat üstünlüyü çox vaxt atəş gücündən daha həlledici rol oynayıb. Ukraynanın əvvəllər həyata keçirdiyi əməliyyatlar ölkənin Rusiya ərazisində mürəkkəb əməliyyatlar aparmaq qabiliyyətini nümayiş etdirib.

Bretton-Qordon yazır ki, əgər "Su-57"nin vurulması ilə bağlı yayılan məlumatlar doğru olarsa, bu, Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) təkcə Rusiya rabitə sistemlərinə deyil, həm də hava hücumundan müdafiə infrastrukturuna nüfuz edə bildiyini göstərə bilər. Onun sözlərinə görə, Kreml ətrafında yaradılmış çoxsəviyyəli təhlükəsizlik sistemi də zəif nöqtələrə malik ola bilər.

Əgər Ukrayna Rusiya silahlarının İrana çatdırılmasının pozulmasında da rol oynayıbsa, bunun nəticələri Avropa hüdudlarından kənara çıxacaq.

Polkovnik həmçinin iddia edir ki, Ukrayna zərbələrini yalnız Rusiyanın hərbi imkanlarını zəiflətmək üçün deyil, həm də Kremlin strateji obyektlərini qorumaqda çətinlik çəkdiyini nümayiş etdirmək məqsədilə planlaşdırır.

Prezident Vladimir Zelenski ABŞ-a səfəri zamanı Rusiyanın Yaxın Şərqdə ABŞ hərbçilərinə təhlükə yarada biləcək silah tədarükü həyata keçirdiyini əsaslandırmağa çalışmalıdır. Belə olan halda ABŞ Prezidenti Donald Trampın Ukraynaya əlavə dəstək göstərməsinə etiraz etməsi çətinləşə bilər.

Polkovnik həmçinin iddia edir ki, əgər Kreml artıq Moskvanın hava məkanını və ən müasir hərbi təyyarələrini etibarlı şəkildə qoruya bilmirsə, bu, uzun illər formalaşmış "məğlubedilməzlik" imicinin zəiflədiyini göstərə bilər. ABŞ-ın dəstəyi güclənər və Ukrayna kəşfiyyatı mövcud imkanlarını qoruyub saxlaya bilərsə, müharibə yekun mərhələyə yaxınlaşa bilər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »